Suriya hökuməti yanacağın bahalaşmasına qarşı ölkə miqyasında keçirilən kütləvi etirazlardan sonra dizel yanacağının bəzi növlərinin qiymətini aşağı salıb. Yeni qərara əsasən, isitmə, kənd təsərrüfatı və bir sıra istehsal sahələri üçün güzəştli tariflər tətbiq olunacaq.
MSNews.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir sentyabrın 17-də keçirdiyi mətbuat konfransında dizel yanacağının təyinatından və keyfiyyətindən asılı olaraq üç fərqli qiymətlə satılacağını açıqlayıb.
Yeni tariflərə əsasən, isitmə və kənd təsərrüfatı üçün nəzərdə tutulan dizelin bir litri 115 Suriya funtuna, bəzi istehsal və xidmət sahələri, eləcə də ağır texnika üçün yanacaq 150 funta satılacaq. Standart dizelin qiyməti isə dəyişməyərək 175 funt səviyyəsində qalacaq.
Qərar sentyabrın 13-də yanacağın kəskin bahalaşmasının ardınca qəbul edilib. Həmin vaxt dizelin qiyməti 40 faiz artırılaraq 125 funtdan 175 funta, benzinin qiyməti isə növündən asılı olaraq 26–28 faiz yüksəldilmişdi.
Bahalaşma Bəşər Əsəd hakimiyyətinin süqutundan sonra Suriyada ən genişmiqyaslı etirazlara səbəb olub. Nümayişçilər avtomobil yollarını bağlayıb, neft daşıyan sisternlərin hərəkətini dayandırıb və hökumətdən qiymət artımının ləğvini tələb ediblər.
Energetika naziri qiymət artımını dünya bazarında neftin bahalaşması və Baniyas neft emalı zavodunda aparılan əsaslı təmir nəticəsində ölkənin bahalı yanacaq idxalından asılılığının artması ilə əlaqələndirib.
Hökumət daxili yanacaq tədarükünü artırmaq məqsədilə ümumi emal gücü sutkada 35 min barelədək olan kiçik yerli neft emalı qurğularının fəaliyyətini bərpa etməyi də planlaşdırır. Bu qurğuların Suriya Neft Şirkətinin nəzarəti altında işləyəcəyi bildirilir.
Qeyd edək ki, yeni qərar dizelin bütün növlərinə şamil edilmir. Standart dizelin, eləcə də benzin və məişət qazının qiymətləri dəyişməz saxlanılıb.