ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) bir sıra Avropa ölkələrini Rusiyanın İspaniya, Fransa və ya İtaliyaya qarşı mümkün dron əməliyyatı barədə xəbərdar etdiyi iddia olunur. Lakin məlumat rəsmi şəkildə təsdiqlənməyib, Fransa və İtaliya rəsmiləri isə belə bir xəbərdarlıq aldıqlarını bildirən xəbərləri təkzib ediblər.
MSNews.az xəbər verir ki, iddia ilk olaraq İspaniyanın “El Mundo” qəzeti tərəfindən Litva Müdafiə Nazirliyinə yaxın anonim mənbəyə istinadən yayılıb.
Daha sonra məlumatı “Euronews”, “Defense News” və digər media qurumları dərc edib.
Məlumata görə, ehtimal olunan ssenaridə “Gerbera” tipli kiçik pilotsuz uçuş aparatlarının Aralıq dənizində ticarət gəmilərində gizlədilərək sahildən yüzlərlə kilometr məsafədən buraxılması nəzərdə tutulur. “El Mundo”nun mənbələri bu dronların yükdən və şəraitdən asılı olaraq təxminən 600 kilometr məsafə qət edə bildiyini bildiriblər.
İddia edilən əməliyyatın iri miqyaslı dağıntıdan daha çox hava limanı və ya liman kimi obyektlərin fəaliyyətini müvəqqəti pozmaq, yanğın yaratmaq və siyasi-ictimai təsir doğurmaq məqsədi daşıya biləcəyi qeyd olunur. Bununla belə, bu ssenarinin Rusiyanın təsdiqlənmiş əməliyyat planı olduğuna dair açıq mənbələrdə sübut təqdim edilməyib.
“El Mundo” məlumatı MKİ direktoru Con Retklifin avqust ayında Moskvaya səfəri ilə əlaqələndirib. Lakin həmin səfərlə sözügedən dron xəbərdarlığı arasında birbaşa əlaqə rəsmi şəkildə açıqlanmayıb.
Məlumata sonradan Avropa rəsmilərindən təkziblər gəlib. İtaliyanın müdafiə naziri Quido Krozetto bildirib ki, İspaniya, Fransa və İtaliyaya mümkün Rusiya hücumu barədə yayılan xəbər “heç bir təsdiqini tapmır”.
Fransa Prezidenti Emmanuel Makron da ölkəsinin MKİ-dən belə bir xəbərdarlıq almadığını bildirib. Bununla yanaşı, o, Rusiyanın Avropaya qarşı hibrid fəaliyyətlərinin yaratdığı təhlükəni ümumilikdə real hesab etdiyini vurğulayıb.