Türkiyənin Ağrı vilayətinin Doğubayazıt rayonunda, uzun illərdir Nuhun gəmisinin mümkün qalıqları ilə əlaqələndirilən Durupınar formasiyasında aparılan yeni geofiziki tədqiqatlar zamanı yeraltı boşluqlar və bir-birini bucaq altında kəsən anomaliyalar müəyyən edilib.
MSNews.az xəbər verir ki, “Milliyet”ə açıqlama verən layihə rəhbəri, Sivas Cumhuriyet Universitetinin professoru Cenker Atila bildirib ki, iyunun 28-də başlayan araşdırmalarda ərazinin 3D modeli hazırlanıb, GPS ölçmələri və xəritələşdirmə aparılıb, daha sonra yüksək dəqiqlikli yeraltı radar sistemlərindən istifadə olunub.
Atilanın sözlərinə görə, radar məlumatlarında müxtəlif dərinliklərdə boşluqlar və bir-birini düz bucaqlarla kəsən strukturlar müşahidə olunub. Tədqiqatçılar bunların təbii geoloji xüsusiyyətlər, yoxsa insan fəaliyyəti ilə əlaqəli strukturlar olduğunu müəyyənləşdirməyə çalışırlar.
Layihə Sivas Cumhuriyet Universitetinin rəhbərliyi ilə, beş ölkədən təxminən 20 alim və tələbənin iştirakı ilə həyata keçirilir. Universitetin rəsmi məlumatına görə, proqram çərçivəsində GPR radar taramaları, 2D və 3D modelləşdirmə, torpaq nümunələrinin götürülməsi və seçilmiş nöqtələrdə quru karot qazmaları nəzərdə tutulub.
Atila ilkin məlumatların maraqlı olduğunu bildirsə də, nəticələrin hələ yekun olmadığını vurğulayıb. Onun sözlərinə görə, hazırkı nümunə və radar məlumatlarının daha aydın nəticələri təxminən iki-üç ay ərzində əldə edilə bilər. Bununla belə, bu müddət ərzində Nuhun gəmisinin tapıldığının qəti şəkildə sübut olunacağı anlamına gəlmir. Layihənin rəsmi proqramında bütün tədqiqatların 2027-ci ildə tamamlanması və məlumatların elmi ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.
Araşdırmanın rəsmi tərəfdaşı “Noah’s Ark Scans” da layihənin məqsədinin dini və ya tarixi iddianı avtomatik təsdiqləmək olmadığını bildirir. Təşkilatın məlumatına görə, əldə olunan nəticələr geofiziki sənədləşdirmə kimi hazırlanacaq və müstəqil elmi qiymətləndirməyə təqdim ediləcək.
Durupınar formasiyası 1959-cu ildə türk hərbçisi İlhan Durupınarın hava fotoşəkillərində diqqətini çəkdikdən sonra məşhurlaşıb. Təxminən 157 metr uzunluğundakı gəmi formalı geoloji struktur onilliklərdir müxtəlif tədqiqatların mövzusu olub. Bununla yanaşı, bir sıra geoloqlar əvvəlki araşdırmalarda formasiyanın sürüşmə və digər təbii geoloji proseslər nəticəsində əmələ gəldiyini müdafiə ediblər.