ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirəcəyi ikitərəfli görüşlərin açıqlanan siyahısında Ukrayna Prezidenti Volodimir Zelenskinin adı yer almayıb. Ukrayna rəsmilərinin məlumatına görə, iki lider arasında Nyu-Yorkda görüşün keçirilməsi hələlik rəsmən təsdiqlənməyib.
MSNews.az xəbər verir ki, bu barədə Ukraynanın “Suspilne” telekanalı məlumat yayıb.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Voltsun jurnalistlərə açıqladığı qrafikə əsasən, Tramp sentyabrın 21-də günorta saatlarında Nyu-Yorka gələcək. ABŞ lideri həmin gün axşam saatlarında “Trump Tower”də keçiriləcək siyasi tədbirlərdə iştirak edəcək.
Sentyabrın 22-də isə Tramp BMT Baş Assambleyasında çıxış edəcək və ardınca bir sıra dünya liderləri ilə ikitərəfli danışıqlar aparacaq.
Planlaşdırılan görüşlər arasında Böyük Britaniyanın Baş naziri Endi Börnem, Yaponiyanın Baş naziri Sanae Takaiçi və Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqeslə danışıqlar yer alır. Trampın Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin liderləri ilə də görüşəcəyi gözlənilir.
Lakin açıqlanan qrafikdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş nəzərdə tutulmayıb.
“Suspilne” telekanalına danışan iki yüksəkvəzifəli ukraynalı rəsmi sentyabrın 19-na olan vəziyyətə görə, Tramp və Zelenski arasında ikitərəfli görüşün təsdiqlənmədiyini bildirib. Bu barədə “Ukrainska Pravda” da məlumat yayıb.
Ukrayna Xarici İşlər Nazirliyi daha əvvəl iki ölkənin prezidentləri arasında görüşün hazırlanması istiqamətində iş aparıldığını açıqlamışdı. Zelenski isə ABŞ lideri ilə mümkün görüşdə Ukraynaya əlavə hərbi yardımın, xüsusilə ballistik raketlərin tədarükünün müzakirəsində maraqlı olduğunu bildirmişdi.
Qeyd edək ki, Zelenskinin açıqlanan görüşlər siyahısında yer almaması danışıqların qəti şəkildə baş tutmayacağı demək deyil. Hazırda tərəflər arasında görüşün keçiriləcəyi barədə rəsmi təsdiq yoxdur.