Münhen Təhlükəsizlik Hesabatı 2026: Qlobal nizam dağılma mərhələsindədir

Münhen Təhlükəsizlik Hesabatı 2026 beynəlxalq sistemin dağılma prosesinə girdiyini bildirir. Hesabata görə, ABŞ artıq qlobal nizamın qoruyucusu deyil, onun əsas sarsıdıcı aktorudur.

47

Müdafiə və xarici siyasət sahəsində dünyanın ən nüfuzlu platformalarından biri sayılan Münhen Təhlükəsizlik Konfransı (MSC) ərəfəsində yayımlanan Münhen Təhlükəsizlik Hesabatı 2026 qlobal sistemlə bağlı ciddi xəbərdarlıqla çıxış edib. “Dağıdılma altında (Under Destruction)” başlıqlı hesabatda İkinci Dünya müharibəsindən sonra formalaşdırılmış beynəlxalq nizamın artıq dağılma prosesinə girdiyi bildirilir.

Hesabatda vurğulanır ki, uzun illər qlobal sistemin “keşikçisi” kimi çıxış edən ABŞ bu gün həmin nizamı öz maraqlarına zidd hesab edərək, onun əsas “dağıdıcısı” mövqeyinə keçib. Sənəddə “Dünya ‘dağıdıcı siyasət’ dövrünə daxil olub. Təxminən 80 il əvvəl ABŞ-nin liderliyi ilə qurulan müharibədən sonrakı beynəlxalq nizam bu gün məhz ABŞ-ın özü tərəfindən sarsıdılır” ifadələri yer alır.

MTK-nin illik hesabatında Vaşinqtonun beynəlxalq hüquq və institutları nəzərə almayan “buldozer siyasətinin” dünyanı universal qaydalar üzərində qurulmuş sistemdən uzaqlaşdıraraq “güclülərin və varlıların sözünün keçdiyi” bir mühitə çevirdiyi barədə xəbərdarlıq edilir. Xüsusilə Ukrayna məsələsində ABŞ-ın tərəddüdlü mövqeyi və strateji geri çəkilməsi Avropada ciddi etimadsızlıq yaradıb.

Hesabatda təqdim olunan sorğu nəticələrinə görə, almanların 66 faizi, britaniyalıların 52 faizi və fransızların 50 faizi ABŞ-ı NATO çərçivəsində “əvvəlki qədər etibarlı müttəfiq” hesab etmir. Eyni zamanda, almanların 72 faizi, fransızların 63 faizi və italiyalıların 60 faizi Donald Trampın siyasətinin onların ölkələrinə zərər verəcəyini düşünür.

Hesabatın müəllifləri Tobias Bunde və Sophie Eisentraut beynəlxalq sistemin artıq “uzlaşma” deyil, “güc” məntiqi ilə formalaşdığını, bu reallığa uyğunlaşa bilməyən dövlətlərin isə sıxışdırılmaq riski ilə üzləşdiyini qeyd edirlər.

Sənədin üz qabığında “otaqdakı fil” ifadəsinə istinad edən simvolik təsvir yer alır. Burada Tramp administrasiyasının müharibədən sonrakı dünya nizamını ABŞ üçün “yük” kimi gördüyü, Qərbdə güclənən ifrat sağ və anti-sistem hərəkatları ilə paralel olaraq liberal dəyərlərin aşındığı vurğulanır. Hesabatda xəbərdarlıq edilir ki, bu yanaşma prinsipial əməkdaşlığın yerini “al-ver” əsaslı razılaşmalara, ictimai marağın yerini isə şəxsi və dar qrup maraqlarına verə bilər.

Avropa təhlükəsizlik məsələlərində “Pax Americana”nın – yəni Amerikanın təmin etdiyi təhlükəsizlik dövrünün – sona çatmasından sonra yeni axtarış mərhələsinə daxil olub. Hesabatda Rusiyanın genişmiqyaslı işğal cəhdləri və artan hibrid fəaliyyətlərinin Soyuq müharibədən sonrakı təhlükəsizlik arxitekturasını sarsıtdığı qeyd edilir. Avropa dövlətləri müdafiə xərclərini artırmaq və çevik koalisiyalar qurmaqla cavab verməyə çalışsa da, ABŞ-ın yaratdığı boşluğun tək bir aktor tərəfindən doldurulmasının çətin olduğu bildirilir.

Qeyd olunur ki, Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və xüsusilə Çin son illərdə qlobal inkişaf maliyyələşməsində daha görünən rol oynasa da, onların yanaşmaları ənənəvi Qərb donorlarından köklü şəkildə fərqlənir.

13 fevralda 100-dən çox dünya lideri, müdafiə və xarici işlər nazirlərinin iştirakı ilə başlayacaq 62-ci Münhen Təhlükəsizlik Konfransının əsas gündəmini də məhz bu “dağıdıcı siyasət” və onun qlobal nəticələrinin təşkil edəcəyi gözlənilir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.