Hindistanın hakim Bharatiya Janata Partiyasının (BJP) lideri Kirit Somayya Mumbaydakı Çhatrapati Şivaci Maharac Beynəlxalq Hava Limanının Terminal 2-si yaxınlığında yerləşən məscid tikilisinin sökülməsini və onun qəyyumları barədə cinayət işi başlanmasını tələb edib.
MSNews.az xəbər verir ki, Somayya məsələni “Mumbay hava limanında torpaq cihadı” adlandıraraq tikilinin icazəsiz olduğunu iddia edib. O, Mumbay Metropoliten Regionunun İnkişaf İdarəsinin (MMRDA) 8 sentyabr tarixli məktubunu əsas göstərib. “The Indian Express” yazır ki, BJP siyasətçisi həm MMRDA-dan, həm də hava limanının operatoru Mumbai International Airport Ltd-dən (MIAL) məscidin qəyyumları barədə FIR — ilkin cinayət məlumatı əsasında iş açılmasını istəyib.
MMRDA-nın məktubunda qurumun Terminal 2-nin VVIP gəliş və taksi dayanacağı yaxınlığındakı sözügedən tikili və ya məscid üçün heç bir icazə vermədiyi qeyd olunub. Həmçinin ərazinin müvəqqəti inkişaf planında həmin sahədə ictimai ibadət yeri üçün ayrılmış və ya nəzərdə tutulmuş torpaq sahəsinin olmadığı bildirilib.
MMRDA hava limanı operatoru MIAL-a tikilinin götürülməsi ilə bağlı müvafiq hüquqi prosedurlara əməl etməklə tədbir görməyi tapşırıb. “India Today” bildirir ki, hər hansı söküntü addımı qüvvədə olan hüquqi və inzibati prosedur çərçivəsində həyata keçirilməlidir.
Somayya isə sosial şəbəkədə MMRDA-nın mövqeyini “qanunsuz məscid” kimi təqdim edərək tikilinin dərhal sökülməsini tələb edib və məsələni “Land Jihad” adlandırıb. Bununla belə, “The Indian Express” vurğulayır ki, “torpaq cihadı” Hindistanın rəsmi və hüquqi çərçivəsində tanınmış termin deyil. MMRDA-nın sənədində də belə ifadə işlədilmir; sənəd yalnız tikilinin icazəsiz olması və şəhərsalma prosedurları ilə bağlı məsələlərə toxunur.
Somayya sentyabrın 3-də rəsmilərlə birlikdə əraziyə baş çəkmiş, daha sonra məsələni ictimailəşdirmişdi. O, tikilinin hava limanının taksi dayanacağı ərazisində qanunsuz inşa edildiyini iddia edir. Hazırda məsələ MIAL və müvafiq dövlət qurumlarının inzibati prosedurları çərçivəsində araşdırılır.