Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşüb.
Görüş zamanı Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamları Prezident İlham Əliyevə çatdırılıb. Dövlət başçısı göstərilən diqqətə görə minnətdarlığını bildirib və onun da salamlarının Qətər Əmirinə çatdırılmasını xahiş edib.
Söhbət zamanı Azərbaycan ilə Qətər arasında mövcud münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın müxtəlif sahələrdə, xüsusilə iqtisadi və ticarət istiqamətlərində geniş potensiala malik olduğu vurğulanıb. Tərəflər ölkələrimiz arasında formalaşmış sıx tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.
Görüşdə həmçinin ARDNŞ tərəfindən Azərbaycan qazının Suriyaya çatdırılması vasitəsilə bu ölkənin enerji təchizatının bərpası istiqamətində Azərbaycan və Qətər arasında həyata keçirilən uğurlu əməkdaşlıq müsbət qiymətləndirilib.
Danışıqlar zamanı tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.