Azərbaycan basketbolu Avropa arenasında əlamətdar uğura imza atıb. “Gəncə” basketbol klubu FIBA Avropa Kubokunda Portuqaliyanın “Sportinq” komandasını 69:67 hesabı ilə məğlub edərək turnirdə ilk qələbəsini qazanıb. Bu nəticə Azərbaycanın bölgə basketbolu üçün tarixi nailiyyət kimi qiymətləndirilir.
MSNews.az xəbər verir ki, qarşılaşma oktyabrın 29-da Gəncə İdman Sarayında, FIBA Avropa Kubokunun C qrupunun IV turu çərçivəsində keçirilib.
Türkiyəli mütəxəssis Murad Dikmənin rəhbərlik etdiyi Azərbaycan təmsilçisi turnirdə əvvəlki üç görüşünü qələbə ilə başa vuran “Sportinq”in məğlubiyyətsiz seriyasına son qoyub.
Həlledici periodda Portuqaliya təmsilçisi hesab fərqini azaltmağa nail olsa da, Azərbaycan klubu üstünlüyünü qoruyaraq iki xal fərqi ilə qələbə qazanıb.
Qarşılaşmanın son saniyələrində “Sportinq”in üçxallıq atışı uğursuz olub.
“Gəncə”nin heyətində Ksavye Rouds və Bakari Kamara hərəyə 18 xal toplayaraq komandanın ən məhsuldar basketbolçuları olublar. Kobe Meji 15, Latavius Mitçel isə 11 xalla qələbəyə töhfə verib.
Oyundan sonra açıqlama verən “Gəncə”nin baş məşqçisi Murad Dikmən qələbəni şəhərə həsr edib.
“Zəfərimizi Gəncəyə ərmağan edirik. FIBA Avropa Kubokunda ilk mövsümümüzdə ilk qələbəmizi qazandıq. Tarix yazdığımızı düşünürəm”, – deyə mütəxəssis bildirib.
Baş məşqçi komandanın heyətində zədəli basketbolçuların olduğunu, buna baxmayaraq oyunçuların sonadək mübarizə apardığını vurğulayıb.
Dikmən uğurun davamını həm avrokuboklarda, həm də ölkə çempionatında gətirmək istədiklərini qeyd edib.
“Gəncə” FIBA Avropa Kubokunda əvvəlki görüşlərində Yunanıstanın “Kolossos” klubuna 62:80, Türkiyənin “Esenler Erokspor” kollektivinə isə 63:92 hesabı ilə məğlub olmuşdu.
Bolqarıstanın “Rilski Sportist” komandası ilə üçüncü tur matçı təxirə salınmışdı.
“Sportinq” üzərində qələbə “Gəncə”nin FIBA Avropa Kubokunda ilk uğuru olmaqla yanaşı, Azərbaycan bölgə basketbolunun beynəlxalq arenada inkişafı baxımından mühüm nəticədir.