PSJ Ferran Torreslə ilkin razılığa gəlib

“Barselona”nın hücumçusu Ferran Torresin PSJ-yə keçid üçün ilkin razılıq verdiyi bildirilir. Klublar arasında danışıqlar dünya çempionatından sonra aparılacaq.

7

“Barselona”nın hücumçusu Ferran Torresin Fransanın PSJ klubu ilə ilkin razılığa gəldiyi bildirilir.

MSNews.az xəbər verir ki, italiyalı transfer mütəxəssisi Canluka Di Marsionun “GianlucaDiMarzio.com” portalında yayımlanan məlumatına görə, tərəflər arasında prinsipial razılıq əldə olunsa da, müqavilənin detalları hələ müəyyənləşdirilməyib. Danışıqların 2026-cı il dünya çempionatı başa çatdıqdan sonra davam etdirilməsi gözlənilir.

Məlumata əsasən, PSJ bundan sonra transferin reallaşması üçün “Barselona” ilə danışıqlara başlayacaq. Buna görə də Ferran Torresin Paris klubuna keçidi hələ rəsmi və tamamlanmış transfer hesab edilmir.

Fransa klubu ispaniyalı futbolçunu Qonsalu Ramuşun əvəzedicilərindən biri kimi nəzərdən keçirir. Portuqaliyalı hücumçunun PSJ-dən “Milan”a transferi iyunun 30-da hər iki klub tərəfindən rəsmən açıqlanıb. “Milan”ın rəsmi məlumatına görə, Ramuş 2031-ci ilin iyununadək müqavilə imzalayıb.

Di Marsio daha əvvəl də PSJ-nin Ferran Torreslə maraqlandığını və futbolçunun Paris klubunun baş məşqçisi Luis Enrike ilə İspaniya millisində çalışdığını yazmışdı. Torresin “Barselona” ilə mövcud müqaviləsi 2027-ci ildə başa çatır.

“Barselona” və PSJ transferlə bağlı hələlik rəsmi açıqlama yaymayıb.