Tramp İnfantinonu BMT baş katibi postunda görmək istəyir

ABŞ Prezidenti Donald Trampın FIFA rəhbəri Canni İnfantinonun BMT-nin növbəti baş katibi olmasını dəstəklədiyi bildirilir. İnfantinonun namizədliyi rəsmən irəli sürülməyib və onun bu vəzifəyə maraq göstərib-göstərmədiyi məlum deyil.

12

ABŞ Prezidenti Donald Trampın FIFA prezidenti Canni İnfantinonu Birləşmiş Millətlər Təşkilatının növbəti baş katibi vəzifəsində görmək istədiyi bildirilir.

MSNews.az xəbər verir ki, “New York Post” Trampa yaxın mənbəyə istinadən ABŞ liderinin İnfantinonu dünya miqyasında hörmət edilən və insanları bir araya gətirmək qabiliyyətinə malik şəxs hesab etdiyini yazıb.

Mənbənin sözlərinə görə, Tramp FIFA rəhbərinin beynəlxalq səviyyədə geniş əlaqələrə və müxtəlif ölkələrlə işləmək təcrübəsinə malik olduğunu düşünür. Bununla belə, Ağ Ev və FIFA məsələ ilə bağlı rəsmi açıqlama verməyib. İnfantinonun BMT baş katibi vəzifəsinə namizəd olmaqda maraqlı olub-olmadığı da hələlik məlum deyil.

BMT-nin hazırkı baş katibi Antonio Quterreşin ikinci səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatacaq. Təşkilatın rəsmi məlumatına görə, yeni baş katibin seçilməsi prosesi 2026-cı ildə keçiriləcək.

BMT qaydalarına əsasən, baş katib Baş Assambleya tərəfindən Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında təyin olunur. Bu səbəbdən namizəd Təhlükəsizlik Şurasının beş daimi üzvündən — ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniyadan hər hansı birinin vetosu ilə üzləşməməlidir.

“Reuters” daha əvvəl növbəti baş katib postu uğrunda yarışda Latın Amerikası və Karib hövzəsindən namizədlərin önə çıxdığını yazıb. Keçmiş Çili prezidenti Mişel Baçelet və Kosta-Rikanın sabiq vitse-prezidenti Rebeka Qrinspan adı çəkilən namizədlər sırasındadır.