DÇ-2026-nın başlamasına sayılı günlər qalmış İran azarkeşlərinin oyunlara buraxılması ilə bağlı yeni qalmaqal yaranıb.
MSNews.az-ın “Reuters”ə istinadən məlumatına görə, İran Futbol Federasiyası ölkəyə ayrılmış Dünya Çempionatı bilet kvotasının geri götürüldüyünü açıqlayıb. Federasiya bildirib ki, bəzi azarkeşlər artıq rəsmi prosedurlara əsaslanaraq səfər planı qurmuşdu, lakin hazırkı vəziyyətdə Federasiya onlar üçün bilet təqdim edə bilmir.
Məlumata əsasən, Dünya Çempionatında iştirak edən hər federasiya öz komandasının oyunları üçün stadion tutumunun 8 faizi həcmində bilet kvotası alır və həmin biletləri öz azarkeşləri arasında bölüşdürür. İran tərəfi bu kvotanın ləğv edilməsini “beynəlxalq yarışların ruhuna və iştirakçı ölkələr arasında bərabərlik prinsipinə zidd” addım kimi qiymətləndirib.
Federasiya qərarın ABŞ tərəfindən İran azarkeşlərinin stadionlara gəlməsinə maneə yaratmaq məqsədi daşıya biləcəyini iddia edib. Bununla belə, qərarın konkret hansı qurum tərəfindən qəbul edildiyi tam aydın deyil. “Reuters” qeyd edir ki, İran federasiyası açıqlamasında biletlərin geri götürülməsi qərarını kimin verdiyini dəqiqləşdirməyib.
FIFA isə məsələ ilə bağlı açıqlamasında İran Futbol Federasiyası ilə yaxından işlədiyini və İran azarkeşlərinin matçlara qatılması üçün qaydalara uyğun həll yolları axtardığını bildirib.
İran yığması DÇ-2026-nın “G” qrupunda mübarizə aparacaq. Komanda iyunun 15-də Los-Ancelesdə Yeni Zelandiya, iyunun 21-də Belçika, iyunun 26-da isə Sietldə Misir millisi ilə qarşılaşmalıdır.