Hindistan ABŞ-nin “Pax Silica” təşəbbüsünə qoşuldu

Hindistan ABŞ öncülüyündə yaradılan "Pax Silica" təşəbbüsünə qoşularaq qlobal silikon və yarımkeçirici tədarük zəncirində strateji tərəfdaşlığa daxil oldu.

42

Hindistan hökuməti ABŞ-nin təşəbbüsü ilə yaradılan və qlobal yarımkeçirici və silikon tədarük zəncirinin formalaşdırılmasını hədəfləyən beynəlxalq “Pax Silica” təşəbbüsünə rəsmi olaraq qoşulub.

Hindistan mediası “India Today” qəzetinə istinadən xəbər verir ki, Yeni Dehlidə keçirilən “2026 Süni İntellekt Təsir Zirvəsi” çərçivəsində tərəflər arasında imza mərasimi baş tutub. Mərasimdə Hindistanın Dəmir Yolları, İnformasiya və Yayım, Elektronika və İnformasiya Texnologiyaları naziri Aşvini Vaişnav ilə ABŞ-nin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və Yeni Dehlidəki səfiri Sercio Qor iştirak edib.

Sercio Qor Hindistanın təşəbbüsə qoşulmasını strateji və zəruri addım kimi qiymətləndirərək “Pax Silica”-nı məcburedici texnoloji asılılıqları etibarlı sənaye tərəfdaşlıqları ilə əvəzləyən qlobal imkanlar koalisiyası kimi xarakterizə edib. O, ABŞ-Hindistan texnoloji əməkdaşlığının yaxın illərdə süni intellekt innovasiyalarının sürətlənməsinə və bu texnologiyaların daha geniş tətbiqinə şərait yaradacağını bildirib. Qor vurğulayıb ki, etibarlı süni intellekt texnologiyalarının paylaşılması qlobal təhlükəsizlik və suverenlik baxımından həlledici əhəmiyyət daşıyır və “Pax Silica” məhz, bu suverenlik əsaslı güc balansını möhkəmləndirməyi hədəfləyir.

Aşvini Vaişnav isə razılaşmanın Hindistanın elektronika və yarımkeçirici sənayesinə ciddi töhfə verəcəyini, ölkənin qlobal texnologiya istehsal zəncirində mövqeyini gücləndirəcəyini qeyd edib. Nazir bildirib ki, təşəbbüs Hindistanın süni intellekt, çip istehsalı və rəqəmsal infrastruktur sahələrində strateji imkanlarını genişləndirəcək.

Qeyd edək ki, ABŞ administrasiyası 2025-ci ilin dekabrında kritik minerallar, enerji təminatı və süni intellekt infrastrukturu daxil olmaqla qlobal silikon tədarük zəncirinin yaradılmasını nəzərdə tutan “Pax Silica” təşəbbüsünü elan edib. ABŞ-ın liderliyi ilə formalaşan bu platformada Yaponiya, İsrail, Avstraliya, Sinqapur, Niderland, Birləşmiş Krallıq, Cənubi KoreyaBirləşmiş Ərəb Əmirlikləri artıq iştirak edir. Hindistanın da qoşulması ilə təşəbbüsün qlobal texnologiya və geosiyasi təsir gücünün daha da artacağı gözlənilir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.