Sudanın baş prokuroru İntisar Əhməd Abdulal ölkədə 15 aprel 2023-cü ildən bəri ordu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən silahlı toqquşmalar nəticəsində 30 min 267 nəfərin həyatını itirdiyini açıqlayıb.
Port Sudanda Türkiyə mediasının nümayəndələrini qəbul edən baş prokuror Abdulal Sudana göstərilən dəstəyə görə Türkiyəyə təşəkkür edərək, iki ölkə arasında tarixi bağların mövcud olduğunu vurğulayıb. O, həmçinin Sudanın Suverenlik Şurasının sədri Abdulfettah əl-Burhanın qərarı ilə 4 avqust 2023-cü ildə yaradılan Müharibə Pozuntuları və Çevik Dəstək Qüvvələrinin Cinayətləri üzrə Milli Komitəyə rəhbərlik etdiyini xatırladıb və komitənin əsas məqsədinin ÇDQ-nin törətdiyi pozuntuları sənədləşdirmək olduğunu bildirib.
Abdulal komitə tərəfindən insan haqları təşkilatlarına və beynəlxalq qurumlara çoxsaylı hesabatlar təqdim edildiyini, ÇSQ-nin fəaliyyəti nəticəsində ölkə üzrə 771 milyard dollar maddi zərər qeydə alındığını deyib. Onun sözlərinə görə, toqquşmalar nəticəsində 43 min 575 nəfər yaralanıb.
Baş prokuror ÇDQ əleyhinə 188 min 405 cinayət işinin açıldığını, bütün bu işlər üzrə qanunvericiliyə uyğun tədbirlərin görüldüyünü bildirib. O əlavə edib ki, Sudan təhlükəsizlik qüvvələrinin üzvlərinə qarşı da cinayət işləri açılıb, onların toxunulmazlıqları ləğv edilərək məhkəmə qarşısına çıxarılıblar. Abdulalın açıqlamasına görə, 5 min 692 iş istintaq mərhələsində bağlanıb, 16 min 161 iş məhkəməyə göndərilib, 11 min 81 iş yekunlaşıb, 6 min 80 iş isə hazırda icra mərhələsindədir.
ÇDQ-nin xarici muzdlu döyüşçülərdən istifadə etdiyini bildirən Abdulal 122 xarici muzdlunun saxlanıldığını açıqlayıb. O, Birləşmiş Ərəb Əmirliklərinin ÇDQ-nə silah və logistika dəstəyi verdiyini iddia edərək, bu səbəbdən müharibənin bitmədiyini söyləyib.
Baş prokuror qadınlara qarşı törədilən zorakılıq və təcavüz hadisələrinin ÇDQ-nin ən ağır cinayətləri sırasında yer aldığını qeyd edərək, bu halların qadınlar və azyaşlı qızlar üzərində ciddi psixoloji və sosial fəsadlar yaratdığını vurğulayıb. Onun sözlərinə görə, bəzi qurbanlar ailələrinin gözü qarşısında zorakılığa məruz qalıb, müqavimət göstərən yaxınları isə öldürülüb.
Abdulal həmçinin ÇDQ-nin uşaqları zorla silah altına aldığını, Sudan ordusunun 135 uşağı xilas edərək ailələrinə təhvil verdiyini açıqlayıb. Şimali Darfur əyalətinin mərkəzi Faşirdə baş verən hadisələrlə bağlı 1136 istintaqın aparıldığını bildirən baş prokuror, bu işlərə 117 qətl və 43 təcavüz faktının, o cümlədən azyaşlı qızlara qarşı törədilən 23 hadisənin daxil olduğunu deyib.
O əlavə edib ki, komitə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı, BMT-nin Qadınlara Qarşı Cinayətlər üzrə qurumları və Avropa İttifaqı ilə birgə fəaliyyət göstərir. Abdulal xatırladıb ki, Sudan Ədliyyə Nazirliyi tərəfindən BƏƏ-yə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırılan iddia prosedur səbəblərə görə qəbul edilməyib.
Rəsmi rəqəmlər 30 mindən çox ölümü təsdiqləsə də, müstəqil qiymətləndirmələrə görə Sudanda davam edən müharibə nəticəsində ölənlərin sayının 150 mini keçdiyi ehtimal olunur.