Efiopiya Silahlı Qüvvələri ölkənin şimalındakı Tiqray bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlar zamanı mühüm irəliləyiş əldə edib. Federal qoşunlar müttəfiq qüvvələrlə birlikdə Eritreya sərhədi yaxınlığındakı strateji Adiqrat şəhərinə daxil olub. Bununla yanaşı, Amhara bölgəsində silahlı qarşıdurmalar və Eritreya ilə hərbi gərginlik davam edir.
MSNews.az xəbər verir ki, “Reuters” agentliyinin oktyabrın 10-da yaydığı məlumata görə, yerli sakinlər Efiopiya ordusunun və hökumətyönlü silahlı birləşmələrin Adiqrat şəhərinə daxil olduğunu təsdiqləyiblər. Bununla belə, şəhərin tamamilə federal qüvvələrin nəzarətinə keçdiyi müstəqil şəkildə təsdiqlənməyib.
Münaqişələri izləyən ACLED təşkilatının məlumatına əsasən, federal qüvvələr oktyabrın 9-da Şire və İdaqa Hamus şəhərlərinə nəzarəti ələ keçiriblər. Bundan əvvəl Tiqrayın inzibati mərkəzi Mekele də hökumətyönlü qüvvələrin nəzarətinə keçmişdi. TPLF qüvvələri isə bir sıra mövqelərdən geri çəkilib.
Ən ciddi təhlükələrdən biri isə Efiopiya ilə Eritreya arasında birbaşa hərbi qarşıdurma ehtimalıdır. “Reuters” agentliyinin məlumatına görə, oktyabrın 7-8-də Efiopiya ordusuna məxsus olduğu ehtimal edilən pilotsuz uçuş aparatları Adiqrat yaxınlığında Eritreya hərbi texnikasını hədəfə alıb. Hücumlardan sonra Eritreya qüvvələrinin bəzi mövqelərdən geri çəkildiyi bildirilib.
“Reuters”in məlumatına görə, Efiopiya BMT Təhlükəsizlik Şurasına müraciət edərək Eritreyanın hərəkətlərini ərazi bütövlüyünə təhdid kimi qiymətləndirib və özünümüdafiə hüququna istinad edib.
Qeyd edək ki, Tiqrayda 2020–2022-ci illərdə baş vermiş müharibə yüz minlərlə insanın ölümünə səbəb olub. Hazırkı hərbi əməliyyatların genişlənməsi 2022-ci il sülh razılaşmasının gələcəyini və bütün Afrika Buynuzu regionunda sabitliyi yenidən təhlükə altına qoyur.