Şotlandiyalı azarkeş Kreq Ferqyuson Dünya Kuboku üçün qeyri-adi xeyriyyə yürüşü ilə gündəm olub.
MSNews.az xəbər verir ki, “SAMH”ın məlumatına görə, Peisli şəhərindən olan Ferqyuson “Tartan Trek” adlı kampaniya çərçivəsində Los-Ancelesdən Bostona qədər 3 000 mildən çox məsafə qət edib. Onun məqsədi həm Şotlandiyanın DÇ-2026-da Haiti ilə ilk oyununa çatmaq, həm də psixi sağlamlıq sahəsində fəaliyyət göstərən “Scottish Action for Mental Health — SAMH” üçün vəsait toplamaq olub.
“WBUR” yazır ki, Ferqyuson yürüşü 109 günə tamamlayıb və iyunun 12-də Bostonda azarkeşlər tərəfindən qarşılanıb. O, bütün marşrutu ənənəvi şotland kiltində qət edib.
Kampaniyanın ilkin hədəfi 1 milyon funt toplamaq idi. WBUR-un məlumatına görə, Ferqyuson iyunun 12-si səhər saatlarına qədər 1,058 milyon funtdan çox vəsait toplayıb. Şotlandiya hökuməti də kampaniyaya 400 min funt yardım ayırdığını açıqlayıb.
Ferqyuson bu yürüşü kişilərin psixi sağlamlığına diqqət çəkmək üçün başladığını bildirib. O, kampaniyanı yeddi il əvvəl intihar nəticəsində həyatını itirən yaxın dostunun atasının xatirəsinə həsr etdiyini deyib.
“NBC Boston”un məlumatına görə, Ferqyuson daha əvvəl də futbol və xeyriyyəni birləşdirən oxşar yürüş həyata keçirib. O, 2024-cü ildə Avropa çempionatı öncəsi Şotlandiyadan Almaniyaya qədər piyada gedərək kişilərin psixi sağlamlığı üçün on minlərlə funt toplamışdı.
Şotlandiya millisi də azarkeşin bu simvolik yürüşünü qələbə ilə tamamlayıb.Şotlandiya DÇ-2026-nın “C” qrupunda Haitini 1:0 hesabı ilə məğlub edib. Matçın yeganə qolunu 28-ci dəqiqədə Con MakGinn vurub.
Bu qələbə Şotlandiya üçün tarixi əhəmiyyət daşıyır. Komanda Dünya Kubokunda 1990-cı ildən bəri ilk qələbəsini qazanıb və 28 ildən sonra mundiala dönüşünü uğurlu nəticə ilə qeyd edib.