Şimali Koreyanın xarici işlər naziri Çoe Son Hui Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşərək Pxenyanın Ukrayna müharibəsində “qələbə əldə edilənədək” Moskvanın yanında dayanacağını bildirib.
MSNews.az xəbər verir ki, görüş iyulun 19-da Moskvada keçirilib. Şimali Koreya diplomatiyasının rəhbəri ölkəsinin Rusiya ilə münasibətlərin hərtərəfli inkişafını strateji prioritet hesab etdiyini və bu mövqenin KXDR lideri Kim Çen In tərəfindən bir daha təsdiqləndiyini deyib.
Bu barədə “NK News” məlumat yayıb.
Putin isə Şimali Koreya rəhbərliyinə və xalqına Rusiyanın Ukraynaya qarşı apardığı, Moskvanın “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibəyə göstərilən dəstəyə görə təşəkkür edib. “Reuters” yazır ki, görüşdə iki ölkə arasında siyasi və hərbi əlaqələrin gələcək inkişafı da müzakirə olunub.
“Associated Press”in məlumatına görə, Putin Pxenyanın Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarına verdiyi dəstəyi xüsusi vurğulayıb. Çoe Son Hui isə Kim Çen Inın Rusiya ilə əlaqələri daha da gücləndirmək niyyətində olduğunu bildirib.
Şimali Koreya 2024-cü ildə iki ölkə arasında imzalanmış qarşılıqlı müdafiə sazişi çərçivəsində Rusiyaya hərbi qüvvələr göndərib. “Reuters”in məlumatına əsasən, təxminən 14 min Şimali Koreya hərbçisi Ukrayna qüvvələrinin Kursk vilayətinə daxil olmasından sonra Rusiya ordusunun əməliyyatlarında iştirak edib.
Moskva və Pxenyan son illərdə hərbi və siyasi əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndiriblər. Qərb ölkələri Şimali Koreyanın Rusiyaya canlı qüvvə və silah göndərdiyini bildirir, Moskva isə bu əməkdaşlığı iki ölkənin strateji tərəfdaşlığının tərkib hissəsi kimi təqdim edir.