Ukrayna “Wildberries” anbarlarına qarşı həftələrlə davam edən zərbələrdən sonra Rusiyanın ikinci ən böyük onlayn pərakəndə şirkəti “Ozon”un logistika şəbəkəsini də genişmiqyaslı şəkildə hədəfə almağa başlayıb.
MSNews.az xəbər verir ki, “Reuters” avqustun 24-də “Ozon”un Rusiyanın cənubundakı dörd logistika mərkəzinə hücum edildiyini, bununla da üç gün ərzində hədəfə alınan şirkət obyektlərinin sayının altıya çatdığını bildirib.
“Ozon”un açıqlamasına görə, Dağıstanın Mahaçqala şəhərindəki logistika mərkəzində dron hücumundan sonra yanğın baş verib, obyektin fəaliyyəti dayandırılıb və bir neçə nəfər yaralanıb. Krasnodar yaxınlığındakı Enem qəsəbəsində yerləşən mərkəzdə də yanğın qeydə alınıb. Adıgeysk və Nevinnomıskdakı obyektlərin əməkdaşları isə dron təhlükəsi səbəbindən təxliyə edilib, həmin mərkəzlərdə zərər qeydə alınmayıb. Bundan əvvəl Samara və Orenburqdakı “Ozon” logistika mərkəzlərinin də fəaliyyəti hücumlar səbəbindən dayandırılmışdı.
Ukrayna Müdafiə Nazirliyi avqustun 22-də “Ozon” logistika mərkəzlərinə zərbələrin başladığını təsdiqləyərək bu obyektləri “ikili təyinatlı malların saxlandığı mərkəzlər” kimi xarakterizə edib. Nazirliyin açıqlamasını yayımlayan “UNN” bildirir ki, Kiyev bu zərbələrin Rusiya hərbi logistikasını çətinləşdirdiyini və ölkə iqtisadiyyatına təsir göstərdiyini iddia edir.
Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert “Madyar” Brovdi avqustun 24-nə keçən gecə Rusiya və Moskvanın nəzarətində olan ərazilərdə ümumilikdə 66 hədəfin vurulduğunu açıqlayıb. Onların arasında “Ozon” obyektləri ilə yanaşı MiQ-29 qırıcısı, radar sistemləri və digər hərbi hədəflərin olduğu bildirilir. Bu barədə “The Kyiv Independent” məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi isə həmin gecə 351 Ukrayna dronunun vurulduğunu iddia edib. Krasnodarda vurulan PUA-lardan birinin qalıqlarının özəl uşaq mərkəzinə düşməsi nəticəsində Rusiya rəsmilərinin məlumatına görə, 13, 15 və 16 yaşlı üç yeniyetmə həlak olub, bir neçə nəfər yaralanıb. Hadisənin təfərrüatlarını müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb. “Anadolu Agentliyi” Rusiya rəsmilərinə istinadən bu barədə məlumat verib.
Hücumlar “Ozon”un səhmlərinə də ciddi təsir göstərib. “Reuters”in məlumatına görə, şirkətin səhmləri avqustun 24-də Moskva Birjasında gün ərzində təxminən 30% ucuzlaşıb.
Ukrayna iyulun ortalarından etibarən Rusiyanın elektron ticarət və logistika infrastrukturuna zərbələri artırıb. “Reuters”in peyk görüntüləri əsasında apardığı son hesablamaya görə, “Wildberries” və “Ozon”un 20-dən çox anbarı hücuma məruz qalıb və ümumilikdə təxminən 1,9 milyon kvadratmetr anbar sahəsi yanğınlardan ciddi zərər görüb.