Ukraynanın şərqində döyüşlərin intensivliyi fonunda Moskva Donetsk vilayətindəki strateji şəhərlərdən biri olan Konstantinovka ilə bağlı yeni iddia irəli sürüb.
MSNews.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya qoşunlarının birləşmiş qruplaşmasının idarəetmə məntəqələrindən birində hərbi müşavirə keçirib. Bu barədə Kreml məlumat yayıb. Müşavirədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Putinə cəbhədəki vəziyyət barədə məruzə edib. “Reuters”-in məlumatına görə, Gerasimov Rusiya qüvvələrinin Donetsk vilayətindəki Kostyantınivka şəhərini nəzarətə götürdüyünü bildirib.

Rusiya tərəfi şəhəri “Slavyansk–Kramatorsk–Konstantinovka müdafiə xətti”nin əsas dayaqlarından biri kimi təqdim edir. Putin isə Konstantinovkanın “Donbasın mühüm nəqliyyat və sənaye mərkəzi” olduğunu deyərək, şəhərin tutulmasını strateji əhəmiyyətli hadisə adlandırıb.

Bununla belə, Konstantinovkanın tam ələ keçirilməsi barədə Rusiya iddiası hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. “The Guardian” yazır ki, Rusiya Müdafiə Nazirliyi şəhərin tam nəzarətə götürüldüyünü iddia etsə də, bu məlumatın müstəqil təsdiqi yoxdur. “Meduza” da eyni məqamı vurğulayaraq, şəhərin tam tutulmasına dair açıq mənbələrdə yetərli təsdiq olmadığını qeyd edib.
“Anadolu Agentliyi”-nin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov müşavirədə Putinin sərhədyanı ərazilərdə “təhlükəsizlik zonası”nın genişləndirilməsi barədə danışdığını bildirib. Peskovun sözlərinə əsasən, Putin Ukraynanın Rusiya infrastrukturuna zərbələrinin artacağı təqdirdə, Moskvanın həmsərhəd ərazilərdə daha geniş “təhlükəsizlik zonası” yaratmalı olacağını deyib.
Putin həmçinin müharibənin davam etdirilməsində “təhrikçi” kimi çıxış edən tərəflərin rolunun təhlil olunmasını tapşırıb. “Anadolu Agentliyi” Kremlin açıqlamasına istinadən yazır ki, Rusiya prezidenti bu təhlilin “gələcəkdə məsuliyyətli qərarların qəbulu” üçün lazım olduğunu bildirib.
Ukrayna tərəfi Putinin və Rusiya hərbi rəhbərliyinin Konstantinovka ilə bağlı bəyanatlarını hələlik rəsmi şəkildə təsdiqləməyib. “Reuters” qeyd edir ki, Kiyev Rusiya tərəfinin şəhərin ələ keçirilməsi iddiasına münasibət bildirməyib. Buna görə də məlumat hazırda Rusiya tərəfinin bəyanatı kimi təqdim olunur və qəti fakt kimi qiymətləndirilmir.