Bolqarıstanda Radev seçkilərdə önə çıxır

Bolqarıstanda keçirilən parlament seçkilərində Rumen Radevin “Proqressiv Bolqarıstan” koalisiyası liderlik edir. Onun Ukraynaya yardım və Rusiya siyasəti ilə bağlı mövqeyi Aİ-də narahatlıq doğurur.

15

Bolqarıstanda 19 aprel 2026-cı ildə keçirilən növbədənkənar parlament seçkilərində keçmiş prezident Rumen Radevin rəhbərlik etdiyi “Proqressiv Bolqarıstan” koalisiyası önə çıxıb. Seçki gecəsi açıqlanan “exit-poll”arda koalisiyanın 37,5–39,2 faiz aralığında səs topladığı bildirilirdi, daha sonrakı sayımlarda isə nəticə daha da yüksələrək təxminən 44 faizdən çox göstərilib.

“Reuters”-in məlumatına görə, bu nəticə Bolqarıstanda son illərin ən güclü seçki göstəricilərindən biri hesab olunur və ölkədə beş il ərzində keçirilən səkkizinci seçkidən sonra siyasi sabitlik ehtimalını artırır. Radev yanvarda prezident postundan istefa verərək seçki yarışına qoşulmuşdu və kampaniyasını korrupsiyaya qarşı mübarizə, siyasi elitaların dəyişməsi və dövlət idarəçiliyində islahat vədləri üzərində qurmuşdu.

Radev Qərb mediasında tez-tez Kremlə yaxın və ya Rusiyaya yumşaq yanaşan siyasətçi kimi təqdim olunur. O, Ukraynaya hərbi yardımın əleyhinə çıxıb, Rusiya ilə dialoqu müdafiə edib və Bolqarıstanın avrozonaya qoşulmasını da tənqid edib. Bu səbəbdən onun qələbəsi Avropa İttifaqında müəyyən narahatlıq yaradıb. Nəşr yazır ki, tənqidçilər Radevin hakimiyyətə gələcəyi halda Sofiyanın Aİ-nin Rusiya siyasəti, sanksiyalar və Ukraynaya dəstək məsələlərində daha çətin tərəfdaşa çevrilə biləcəyindən ehtiyat edirlər.

Bununla yanaşı, “Reuters” qeyd edir ki, Radev xarici siyasətdə kəskin dönüş vəd etməyib və Bolqarıstanın NATO və Aİ üzvlüyü qüvvədə qalır. O, təkpartiyalı hökumət qurmağa yaxın görünsə də, yenə də azlıq hökuməti və ya koalisiya variantları gündəmdə qala bilər.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930