Sosial şəbəkələrdə və bəzi İran müxalifətinə yaxın kanallarda Şirazda SEPAH-ın yüksək rütbəli komandirinin raket zərbəsi nəticəsində öldürüldüyü barədə məlumat yayılıb.
MSNews.az xəbər verir ki, iddialarda hədəfin SEPAH-ın Şirazdakı “Sarallah” “Bəsic” bölməsinin komandiri, briqada generalı İbrahim Mürtəzəvi-Nəsəb olduğu qeyd edilib. Paylaşımlarda hərbi obyektin Moaləm yolayrıcı yaxınlığında iki raket dalğası ilə vurulduğu, əvvəlcə 4, daha sonra 3 raketin atıldığı bildirilib.
Lakin İranın SEPAH-a yaxın “Fars” agentliyi bu xəbərin yeni sui-qəsd kimi təqdim edilməsini təkzib edib. Agentlik yazır ki, müxalif kanallar Mürtəzəvi-Nəsəbin “qətli” barədə məlumat yaysalar da, o, artıq “Ramazan müharibəsi” zamanı ABŞ-İsrail hücumlarında öldürülmüş və ötən ilin 28 esfənd tarixində dəfn edilmişdi.
“Fars”ın mart ayında yaydığı ayrıca məlumatda da İbrahim Mürtəzəvi-Nəsəbin SEPAH-ın “Sarallah” müqavimət bölməsinin komandiri olduğu və Şiraza hücumlar zamanı öldüyü qeyd olunub. Agentlik onun cənazəsinin Dena gəmisinin həlak olan heyət üzvləri ilə birlikdə müşayiət edildiyini və Dariyun şəhidlər məzarlığında dəfn olunduğunu yazmışdı.
Beləliklə, İbrahim Mürtəzəvi-Nəsəbin ölümü faktı əvvəlki aylarda İran mediası tərəfindən təsdiqlənib. Lakin onun bu saatlarda Şirazda yenidən raket zərbəsi ilə öldürülməsi barədə yayılan məlumat təsdiqlənmiş yeni hadisə kimi təqdim oluna bilməz.