Sarayevodakı Markale bazar yeri qətliamından 32 il ötür

Bosniya müharibəsinin ən qanlı hücumlarından biri olan Sarayevodakı Markale bazar yeri qətliamının üzərindən 32 il keçir.

12

Bosniya müharibəsinin ən qanlı hücumlarından biri kimi tarixə düşən və Sarayevodakı “Markale” bazarına edilən hücumdan 32 il keçir.

Şəhər mərkəzində yerləşən və “Markale” adı ilə tanınan bazarda mülki vətəndaşlar alış-veriş edərkən Sarayevo mühasirəsində iştirak edən serb qüvvələri tərəfindən atılan mərmi nəticəsində 68 nəfər həlak olub, 144 nəfər isə yaralanıb.

Müasir tarixinin ən faciəli müharibələrindən birinə səhnə olan Bosniya və Herseqovinanın paytaxtı Sarayevo 5 aprel 1992-ci ildə serb qüvvələri tərəfindən ilk barrikadaların qurulması ilə mühasirəyə alındı. 6 aprel tarixində şəhərə ilk mərmi atıldıqdan sonra Sarayevo 1425 gün davam edən mühasirə şəraitində yaşamağa məcbur qaldı.

Balkanların ən gözəl şəhərlərindən biri kimi tanınan, haqqında şeirlər və mahnılar bəstələnən Sarayevo, 29 fevral 1996-cı ilədək serb hücumları və mühasirəsi altında qaldı. Mühasirə müddətində serb qüvvələri canlı və cansız hədəf ayırmadan şəhərin müxtəlif nöqtələrini bombaladı. Ətraf təpələrdə və hündür binalarda mövqe tutan serb snayperləri xüsusilə gündəlik həyatını davam etdirən qadınları, uşaqları və yaşlıları hədəf aldı.

Mülki əhalinin üzərinə bəzən çörək növbəsində, bəzən isə bazarda alış-veriş edərkən minaatan mərmiləri atıldı. Sarayevoda 5 fevral 1994-cü ildə gündəlik ehtiyaclarını ödəməyə çalışan vətəndaşların üzərinə atılan mərmi nəticəsində “Markale bazar yeri qətliamı” kimi tanınan ilk hücum baş verdi. Bu hücumda 68 nəfər həyatını itirdi, 144 nəfər yaralandı. Eyni nöqtəyə 28 avqust 1995-ci ildə edilən ikinci hücumda isə 43 mülki şəxs öldürüldü, 84 nəfər yaralandı.

Bazar yeri qətliamları Bosniya müharibəsində mülki əhalinin birbaşa hədəf alındığı və dünya ictimaiyyətində ən çox rezonans doğuran hücumlar kimi tarixə düşdü. Mühasirə dövründə Sarayevo sakinləri snayper atəşi, artilleriya zərbələri, ərzaq və su qıtlığı ilə üzləşdi. Bazar alış-verişi, su daşımaq və ya çörək almaq kimi ən sadə ehtiyaclar belə ölüm riski daşıyan fəaliyyətlərə çevrildi.

Mütəxəssislər hücumun məhz, sıxlıq olan bazar yerində həyata keçirilməsinin mülki əhali arasında qorxu və panika yaratmaq məqsədi daşıyan şüurlu seçim olduğunu bildirirlər. İlk hücumdan 32 il keçməsinə baxmayaraq, Markale bazarında yerləşdirilən xatirə lövhələri və işarələr faciənin unudulmaması və gələcək nəsillərə ötürülməsi üçün qorunur.

Qətliam Bosniya müharibəsinin beynəlxalq ictimaiyyətdə daha geniş əks-səda doğurmasında və NATO-nun daha fəal rol almasına gedən prosesdə mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Hər il 5 fevral tarixində Markale bazarında qurbanların xatirəsinə dövlət səviyyəsində anım mərasimləri keçirilir.

Laheydə fəaliyyət göstərən keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Məhkəməsi bazar yerinə hücumların serb birlikləri tərəfindən həyata keçirildiyini sübutlarla təsdiqləyib. Qətliamın əsas məsul şəxslərindən biri olan bosniyalı serb komandan Draqomir Miloşeviç 29 il müddətinə azadlıqdan məhrum edilib. Sarayevonun mühasirəsi və mühasirə dövründə törədilən insanlığa qarşı cinayətlərə görə mühakimə olunan digər serb komandanı Stanislav Qaliç isə ömürlük həbs cəzasına məhkum edilib.

Bosniya müharibəsi zamanı Sarayevoda 1601-i uşaq olmaqla ümumilikdə 11 min 541 mülki şəxs həyatını itirib.