Lukaşenko: “Ukrayna münaqişəsi bu il bitə bilər”

Belarus Prezidenti Aleksandr Lukaşenko "Al Arabiya" telekanalına müsahibəsində Ukrayna və Yaxın Şərqdəki müharibələrin bu il başa çata biləcəyini bildirib. O, bunun bir neçə liderin siyasi iradəsindən asılı olduğunu deyib.

33

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna münaqişəsinin və Yaxın Şərqdəki müharibələrin bu il başa çata biləcəyini bildirib.

MSNews.az xəbər verir ki, Lukaşenko bu barədə “Al Arabiya” telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, indiki mərhələdə müharibələri dayandırmaq üçün “heç vaxt olmadığı qədər” imkan yaranıb.

“Hər şey sözün əsl mənasında bir neçə nəfərin istəyindən asılıdır. Əgər belə bir istək olsa, bu müharibələri bu il mütləq bitirmək olar. Hətta Rusiya və Ukrayna münaqişəsini də bu il başa çatdırmaq mümkündür”, – deyə Belarus lideri bildirib.

Lukaşenko Yaxın Şərqdəki vəziyyətə də toxunaraq, orada müharibəni dayandırmaqdan başqa alternativ olmadığını deyib. O, bu müharibənin də bu il, hətta yaxın vaxtlarda dayandırılacağına ümid etdiyini bildirib.

Lukaşenko Rusiya və Ukraynanın müharibəni bitirmək üçün kompromisə getməli olduğunu vurğulayıb. O, hər iki tərəfin döyüş meydanında tam qələbə əldə etməsinin real olmadığını bildirib.

Belarus Prezidenti Ukrayna ilə bağlı danışarkən Kiyevin əsas problemlərindən birinin canlı qüvvə çatışmazlığı olduğunu iddia edib. Onun sözlərinə görə, Rusiya tərəfi də bu problemi hiss edir, lakin Ukraynada vəziyyət daha ağırdır.

Lukaşenko Belarusun Ukrayna üçün təhlükə yaratmadığını deyib. O bildirib ki, bunu Ukraynada, o cümlədən hərbçilər arasında da anlayırlar. Belarus liderinin sözlərinə görə, mövzunun gündəmdə saxlanması daha çox siyasi ambisiyalarla bağlıdır.

O, Vladimir Putinlə dəfələrlə Ukrayna münaqişəsinin Belarus ərazisinə keçməsinin yolverilməzliyini müzakirə etdiyini bildirib. Lukaşenkonun sözlərinə görə, Putin də Belarusun müharibəyə qoşulmasının faydadan çox zərər gətirəcəyini anlayır.

Eyni zamanda, Lukaşenko xəbərdarlıq edib ki, Belarusun münaqişəyə qoşulması vəziyyəti daha təhlükəli mərhələyə keçirə bilər. Onun fikrincə, belə ssenari Belarus və Rusiyanın NATO ilə birbaşa qarşıdurması anlamına gələ bilər.

Belarus lideri NATO-nun Ukraynadakı hərbi əməliyyatlara birbaşa müdaxiləsini təhlükəli adlandırıb. Onun sözlərinə görə, bu cür addım nüvə müharibəsi riskini artıra bilər.

Lukaşenko danışıqlar formatı kimi özünün, Vladimir Putinin və Volodimir Zelenskinin iştirak etdiyi üçtərəfli görüş ideyasını yenidən gündəmə gətirib. O bildirib ki, tərəflər masa arxasına oturmalı və münaqişənin nəticələrinin necə aradan qaldırılacağını müzakirə etməlidirlər.

Müsahibədə nüvə silahı mövzusu da müzakirə olunub. Lukaşenko nüvə tərksilahının tərəfdarı olduğunu deyib və bunun yalnız bir ölkəyə deyil, bütün nüvə dövlətlərinə aid edilməli olduğunu bildirib.

Yaxın Şərqdəki müharibələrdən danışan Belarus Prezidenti ABŞ və İsrailin İranla qarşıdurmasının İran cəmiyyətini birləşdirdiyini iddia edib. Onun sözlərinə görə, bu addım münaqişədən əvvəl müəyyən dərəcədə parçalanmış İran cəmiyyətində əks təsir yaradıb.

Lukaşenko həmçinin İsrailin Qəzzadakı hərəkətlərini sərt tənqid edib. “BelTA”nın məlumatına görə, Belarus lideri İsraili Yaxın Şərqdəki addımlarında daha ehtiyatlı olmağa çağırıb. Onun Qəzza ilə bağlı ifadələri isə İsrail tərəfinin etirazına səbəb olub.

Zerkalo” yazır ki, İsrail Xarici İşlər Nazirliyi Lukaşenkonun Qəzza və Holokostla bağlı sözlərini “qəbuledilməz” və “dərin narahatedici” adlandırıb.

Lukaşenko Qərb ölkələrini də tənqid edərək bildirib ki, bəzi dövlətlər Rusiya və Belarusla müharibə olacağı təqdirdə əsas yükün Almaniya, Fransa və ABŞ tərəfindən daşınacağını düşünürlər. O, Qərbin “başqalarının əli ilə və uzaqdan” müharibə aparmağa üstünlük verdiyini iddia edib.

Belarus liderinin açıqlamaları G7 sammiti, Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliyin beynəlxalq gündəmin əsas mövzularından biri olduğu vaxta təsadüf edir.