ABŞ administrasiyası Böyük Britaniyadan müdafiə xərclərini daha sürətlə artırmağı tələb edir və Pentaqonda London üzərində təzyiqi gücləndirmək üçün Folklend adaları məsələsindən istifadə imkanının da nəzərdən keçirildiyi bildirilir.
MSNews.az xəbər verir ki, “The Telegraph” ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadən Vaşinqtonun NATO müttəfiqlərinin yeni müdafiə öhdəliklərini nə dərəcədə yerinə yetirdiyini nəzərdən keçirdiyini yazıb. Mənbələrə görə, Britaniyanın bu prosesdə “xüsusi diqqət” görəcəyi gözlənilir.
Nəşrin məlumatına əsasən, Pentaqonda müzakirə olunan variantlardan biri ABŞ-ın Folklend adaları ilə bağlı mövqeyini Britaniyanın əleyhinə sərtləşdirməkdir.
Vaşinqtonun Londona təzyiqi daha geniş NATO siyasətinin bir hissəsidir. “Reuters” avqustun 27-də yazıb ki, Pentaqonun siyasət üzrə rəhbəri Elbric Kolbi NATO ölkələrinə Avropanın öz müdafiəsi üçün daha böyük məsuliyyət götürməli olduğunu bildirib. ABŞ hazırda Avropadakı təxminən 80 min hərbçisinin yerləşdirilməsini də əhatə edən altı aylıq strateji baxış keçirir.
NATO ölkələri 2025-ci il Haaqa sammitində 2035-ci ilədək ÜDM-in 5%-ni müdafiə və təhlükəsizliyə yönəltmək öhdəliyi götürüblər. Bunun 3,5%-i birbaşa müdafiə xərclərinə, 1,5%-i isə kritik infrastruktur, dayanıqlılıq və digər təhlükəsizlik sahələrinə ayrılmalıdır. NATO-nun rəsmi məlumatı bunu təsdiqləyir.
Britaniya hökumətinin iyunda açıqladığı Müdafiə İnvestisiya Planına əsasən, ölkənin əsas müdafiə xərcləri 2029-cu ilədək ÜDM-in 2,7%-nə çatdırılacaq. London ümumi NATO öhdəliyi çərçivəsində müdafiə və daha geniş təhlükəsizlik xərclərinin 4,2%-ə yüksələcəyini bildirir. Vaşinqtondakı bəzi rəsmilər isə bu tempin kifayət qədər sürətli olmadığını hesab edirlər.
Folklend məsələsinin ABŞ-Britaniya münasibətlərində təzyiq aləti kimi gündəmə gəlməsi ilk dəfə deyil. Apreldə “Reuters” Pentaqonun daxili yazışmasına istinadən bildirmişdi ki, Britaniyanın ABŞ-nin İrana qarşı siyasətini dəstəkləməməsinə cavab olaraq Vaşinqtonun Folklend məsələsində mövqeyinə yenidən baxması mümkün tədbirlər sırasında müzakirə olunub.
Böyük Britaniya isə Folklend adaları üzərində suverenliyinin müzakirə mövzusu olmadığını bildirir və adalarda yaşayan əhalinin öz müqəddəratını təyin etmək hüququnu əsas gətirir. 2013-cü ildə keçirilən referendumda iştirak edənlərin 99,8%-i Britaniyanın dənizaşırı ərazisi statusunun saxlanılmasına səs verib.