UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsinə vəsiqə qazanan “Sabah”ın turnirdən əldə edəcəyi gəlirin, oyunların nəticələri nəzərə alınmadan, təxminən 20,18 milyon avroya çatacağı hesablanır.
MSNews.az xəbər verir ki, UEFA-nın 2024–2027-ci illəri əhatə edən gəlir bölgüsü modelinə əsasən, Çempionlar Liqasının liqa mərhələsində iştirak edən 36 klubun hər biri 18,62 milyon avro sabit başlanğıc ödənişi əldə edir. Bu məbləğin 17,87 milyon avrosu ilkin ödəniş, 750 min avrosu isə qalıq ödəniş formasında verilir.
“Sabah”ın gəliri bununla məhdudlaşmayacaq. UEFA-nın maliyyə bölgüsündə sabit ödənişdən əlavə “Value Pillar” adlanan dəyər komponenti və liqa mərhələsində tutulan yekun mövqeyə görə bonus da nəzərdə tutulur.
“Sabah” “Value Pillar”ın minimum payları üzrə Avropa hissəsindən təxminən 935 min avro, qeyri-Avropa hissəsindən isə 346 min avro əldə edə bilər.
Bundan əlavə, UEFA liqa mərhələsinin yekun cədvəlindəki mövqeyə görə hər kluba ayrıca bonus ödəyir. 36-cı, yəni sonuncu yeri tutan klub belə ilkin hesablamaya əsasən 275 min avro alır. Hər növbəti pillədə bu məbləğ bir pay artır. Bərabərliklə başa çatan oyunlardan bölüşdürülməyən vəsait də sonradan bu bonusların məbləğini yüksəldə bilər.
Bu komponentlər birlikdə götürüldükdə “Sabah”ın səkkiz liqa oyununun nəticələri nəzərə alınmadan UEFA-dan əldə edə biləcəyi minimum gəlir təxminən 20,176 milyon avro səviyyəsində qiymətləndirilir. Bununla belə, “Value Pillar” üzrə yekun bölgü bir sıra dəyişən göstəricilərdən asılı olduğundan bu rəqəmi dəqiq zəmanətli məbləğ deyil, mövcud model əsasında hesablanmış minimum proqnoz kimi qiymətləndirmək daha doğrudur.
Klubun gəlirini əhəmiyyətli dərəcədə artırmaq imkanı da var. UEFA liqa mərhələsində hər qələbəyə 2,1 milyon avro, hər heç-heçəyə 700 min avro ödəyir.
Məsələn, “Sabah” səkkiz qarşılaşmada iki qələbə qazansa, yalnız nəticələrə görə əlavə 4,2 milyon avro əldə edəcək. Üç qələbə isə 6,3 milyon avro əlavə ödəniş deməkdir. Daha yüksək yekun mövqe də sıralama bonusunu artıracaq.
UEFA-nın maliyyə hesabatına əsasən, Çempionlar Liqasının liqa mərhələsindən etibarən klublar arasında bölüşdürülən vəsait üç əsas hissədən ibarətdir: 27,5 faiz sabit iştirak ödənişinə, 37,5 faiz idman nəticələrinə, 35 faiz isə “Value Pillar” komponentinə ayrılır.
“Sabah” təsnifat mərhələsinin pley-offunda İsrailin “Hapoel Beer-Şeva” klubunu mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib. UEFA-nın rəsmi siyahısında Azərbaycan təmsilçisi 2026/27 mövsümünün 36 iştirakçısından biri kimi göstərilir.
Pley-off qaliblərinə ayrıca pley-off bonusu verilmir. UEFA-nın qaydalarına görə, bu mərhələdə məğlub olan klublar 4,29 milyon avro alır, qaliblər isə liqa mərhələsinə yüksəldiklərinə görə həmin mərhələnin daha böyük maliyyə bölgüsünə daxil olurlar.
“Sabah”ın yekun qazancı isə səkkiz qarşılaşmada əldə edəcəyi nəticələr, liqa cədvəlindəki mövqeyi və “Value Pillar” üzrə yekun payından asılı olaraq 20 milyon avro həddini əhəmiyyətli dərəcədə keçə bilər.