Rusiyanın “Qəhrəmanı” adına layiq görülmüş zabit Naran Oçir-Qoryayevin Ukraynadakı döyüşlərdə öldüyü təsdiqlənib.
MSNews.az xəbər verir ki, “RIA Novosti” Kalmıkiya rəhbəri Batu Xasikova istinadən Oçir-Qoryayevin “döyüş tapşırıqlarını yerinə yetirərkən” həlak olduğunu yazıb. Xasikov onun Rusiya ordusunda batalyon komandirinin müavini və baş leytenant olduğunu bildirib.
“Vedomosti”in məlumatına görə, Oçir-Qoryayev 2025-ci ilin dekabrında Rusiya prezidenti Vladimir Putinin “birbaşa xətt” proqramında iştirakından sonra daha çox tanınmışdı. Həmin vaxt o, Siversk istiqamətində döyüşlər barədə Putinə məlumat vermiş, bir neçə gün sonra isə “Qızıl Ulduz” medalı ilə təltif olunmuşdu.
Ukrayna mənbələri isə Oçir-Qoryayevin FPV-dron zərbəsi nəticəsində öldürüldüyünü bildirir. “RBC-Ukrayna” yazır ki, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi, “Madyar”, sosial şəbəkədə zərbə görüntülərini yayıb və hədəfin Oçir-Qoryayev olduğunu bildirib.
“Censor.NET”in məlumatına görə, zərbə Donetsk vilayətinin Siversk şəhəri yaxınlığında avtomobilə endirilib. Nəşr qeyd edir ki, əməliyyatda Ukraynanın 20-ci pilotsuz sistemlər briqadasının “K-2” bölməsinin operatorları iştirak edib.
Rusiya tərəfi Oçir-Qoryayevin ölümünü təsdiqləsə də, onun hansı şəraitdə öldüyünü açıqlamayıb. Ukrayna tərəfinin FPV-dron zərbəsi ilə bağlı iddiası isə hələlik Moskva tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.