Rusiyanın Qara dəniz sahilində yerləşən Novorossiysk şəhəri Ukrayna dronlarının hücumuna məruz qalıb. “Reuters“-in məlumatına görə, hücum nəticəsində azı 8 nəfər, o cümlədən 2 uşaq yaralanıb. Rusiya rəsmiləri bir neçə yaşayış binasına ziyan dəydiyini, lakin limanın özünün birbaşa vurulub-vurulmadığını açıqlamayıblar.
Novorossiysk meri Andrey Kravçenko bildirib ki, pilotsuz uçuş aparatının qalıqları çoxmərtəbəli yaşayış binasına düşüb. “Associated Press” isə Krasnodar diyarının qubernatoruna istinadən yazır ki, hücum nəticəsində 6 çoxmənzilli bina və 2 fərdi ev zədələnib. Eyni mənbədə hədəfin Rusiyanın ən iri Qara dəniz limanlarından biri olan Novorossiysk olduğu vurğulanır.
Rusiya Müdafiə Nazirliyi üç saat ərzində ümumilikdə 148 Ukrayna dronunun vurulduğunu açıqlayıb. Ukrayna tərəfi isə son həftələrdə Rusiyanın enerji və ixrac infrastrukturuna qarşı uzaqmənzilli dron hücumlarını artırıb. Media xəbərlərində Novorossiyskdəki Şeskharis neft terminalının da mümkün hədəflər arasında olduğu bildirilir.