“Royal Mail” jurnalı 19 il sonra çatdırdı

Böyük Britaniyada “Royal Mail” 2007-ci ildə sifariş edilən “Mother & Baby” jurnalını 19 il sonra sahibinə çatdırıb. Jurnal gələndə Pol Edvardsın övladları artıq universitet tələbəsi olub.

33

Böyük Britaniyada 2007-ci ildə sifariş edilən valideynlik jurnalı sahibinə yalnız 19 il sonra çatdırılıb.

MSNews.az-ın “The Guardian”a istinadən məlumatına görə, 52 yaşlı Pol Edvards “Mother & Baby” jurnalını qızının 18 aylıq olduğu və həyat yoldaşı ilə birlikdə oğullarının doğulmasını gözlədikləri vaxt sifariş edib. Lakin jurnal həmin dövrdə ona çatmayıb və yalnız indi, övladları 18 və 20 yaşlarında universitetdə təhsil aldıqları zaman poçt qutusuna atılıb.

Edvards bildirib ki, o vaxt jurnalın gəlmədiyini dəqiq xatırlamır. Onun sözlərinə görə, illər sonra yarıcırılmış və əzilmiş paketdə gələn jurnalı görəndə əvvəlcə bunun nə olduğunu anlamayıb. Paketin üzərində “narahatlığa görə səmimi üzrxahlıq” məzmunlu “Royal Mail” qeydi də olub.

“GB News” yazır ki, Edvards hadisəni sosial şəbəkədə paylaşaraq poçt xidmətinin jurnalı “cəmi 19 ilə” çatdırdığını ironik şəkildə qeyd edib. Onun paylaşımı qısa müddətdə geniş maraq doğurub və milyonlarla baxış toplayıb.

“Royal Mail” hadisə ilə bağlı bildirib ki, şirkətin çatdırılma məntəqələri və çeşidləmə avadanlıqları hər gün yoxlanılır. Buna görə də jurnalı uzun illər sistem daxilində itmiş hesab etmək ehtimalı azdır. Şirkətin versiyasına görə, poçt göndərişi hansısa yolla sonradan yenidən sistemə qaytarılmış ola bilər.

“The Guardian” qeyd edir ki, hadisə “Royal Mail”in çatdırılma göstəriciləri ilə bağlı tənqidlərin artdığı dövrə təsadüf edir. Böyük Britaniyanın poçt tənzimləyicisi “Ofcom” şirkətin illik çatdırılma hədəflərini yenidən yerinə yetirməməsi ilə bağlı araşdırma başladıb.

“Mother & Baby” jurnalı valideynlik, uşaq tərbiyəsi və ailə həyatı ilə bağlı məsləhətlər təqdim edən nəşr kimi tanınıb. “GB News”un məlumatına görə, jurnalın çap versiyası 2020-ci ildə dayandırılıb, lakin nəşr onlayn fəaliyyətini davam etdirir.