“Grand Theft Auto VI”nın yayımlanmamış oyun görüntülərini paylaşan “CyberLeek” adlı şəxs və ya qrupun kimliyinin müəyyənləşdirilməsi üçün Take-Two Interactive ABŞ-da hüquqi proses başladıb.
MSNews.az xəbər verir ki, avqustun 18-dən etibarən internetdə “CyberLeek” adı altında GTA 6-nın yayımlanmamış gameplay görüntüləri paylaşılmağa başlayıb. “Tom’s Hardware” yazır ki, yayılan videolardan birində oyun daxilində divara güllələrlə “LEEK” sözünün yazılması görüntülənir. Bu isə materialların sadəcə əvvəlcədən hazırlanmış daxili videolardan deyil, işlək oyun build-inə çıxışdan əldə edilmiş ola biləcəyini göstərir.
Lakin hazırda CyberLeek-in Rockstar Games-in sistemlərinə birbaşa kiberhücum etdiyi və GTA 6-nı məhz bu yolla əldə etdiyi təsdiqlənməyib. Build-in necə və hansı mənbədən əldə edildiyi ictimaiyyətə açıqlanmayıb. Buna görə hadisəni indiki mərhələdə qəti şəkildə “Rockstar-ın sındırılması” kimi təqdim etmək mümkün deyil.
Rockstar Games-in ana şirkəti Take-Two Interactive avqustun 20-də Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Məhkəməsinə müraciət edərək Microsoft və Discord-dan məlumat tələb edən DMCA çağırışları üçün hüquqi proses başladıb. Məqsəd GTA 6 materiallarını yayan şəxsin və ya şəxslərin kimliyini müəyyənləşdirməkdir. “The Verge” bildirir ki, Take-Two hesab məlumatları, IP ünvanları və digər identifikasiya məlumatlarını əldə etməyə çalışır.
“Forbes” məhkəmə sənədlərinə istinadən yazır ki, şirkətin tələbləri qeydiyyat e-poçtları, son giriş IP-ləri, telefon nömrələri, əlaqələndirilmiş hesablar və bəzi hallarda cihaz identifikatorlarını da əhatə edir. Microsoft üzrə sorğuda GitHub-da yayımlanan materiallarla bağlı məlumatlar da yer alıb.
Take-Two sonradan araşdırmanı daha da genişləndirərək X və Google-a qarşı da ayrıca DMCA proseslərinə başlayıb. “TorrentFreak” xəbər verir ki, X üzrə sorğuda “CyberLeek”lə əlaqələndirilən bir neçə istifadəçi hesabının identifikasiya məlumatları tələb olunur.
Hadisənin hüquqi tərəfi isə iki fərqli məsələni əhatə edə bilər. GTA 6 materiallarının icazəsiz yayılması artıq Take-Two tərəfindən müəllif hüquqlarının pozulması kimi təqdim edilir. Əgər sonrakı araşdırma CyberLeek-in Rockstar və ya başqa şirkətin sistemlərinə icazəsiz daxil olaraq həmin materialları əldə etdiyini müəyyənləşdirsə, məsələ ayrıca kompüter sistemlərinə qanunsuz giriş və digər mümkün kiber cinayət ittihamlarına çevrilə bilər.
Bununla belə, hazırda məhkəmə prosesinin məqsədi ilk növbədə sızıntını həyata keçirən şəxslərin kimliyini müəyyənləşdirməkdir. CyberLeek-in real kimliyi və GTA 6 build-inə necə çıxış əldə etdiyi hələ açıqlanmayıb.
Bu hadisə Rockstar Games-in üzləşdiyi ilk böyük GTA 6 sızıntısı deyil. 2022-ci ildə şirkət öz şəbəkəsinə qanunsuz müdaxilə nəticəsində GTA 6-nın erkən hazırlanma görüntülərinin internetə yayıldığını təsdiqləmişdi. Lakin hazırkı CyberLeek hadisəsini həmin hücumla əlaqələndirən təsdiqlənmiş məlumat yoxdur.