Quraqlıq və El-Ninyo iqlim hadisəsinin yaratdığı su çatışmazlığı səbəbindən Panama kanalından keçən gəmilərin sayı oktyabr ayından etibarən daha da azaldılacaq. Gündəlik keçidlərin orta hesabla 29,5 gəmiyə endirilməsi planlaşdırılır.
MSNews.az xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb. Panama Kanalı Administrasiyasının planına əsasən, oktyabrdan gündəlik orta keçid sayı avqustdakı 36 gəmi ilə müqayisədə təxminən 18 faiz azalacaq. Plan ölkə parlamentinə təqdim olunan büdcə layihəsində əksini tapıb.
Sentyabr ayında da kanalın ötürmə imkanları mərhələli şəkildə məhdudlaşdırılıb. Rəsmi məlumatlara əsasən, yağıntıların gözləniləndən az olması və kanalı qidalandıran su hövzələrində səviyyənin aşağı düşməsi səbəbindən gündəlik keçid sayı 32-yə qədər azaldılıb.
Problemin əsas səbəbi kanalın şlüz sisteminin böyük həcmdə şirin sudan asılı olmasıdır. Gəmilərin Atlantik və Sakit okeanlar arasında hərəkətini təmin edən sistem Qatun və Alaxuela süni göllərində toplanan yağış sularından istifadə edir. El-Ninyo ilə əlaqələndirilən quraqlıq həmin su ehtiyatlarının azalmasına səbəb olub.
“The Guardian” yazır ki, Panama kanalının payına qlobal dəniz ticarətinin təxminən 5 faizi, ABŞ-nin konteyner daşımalarının isə təxminən 40 faizi düşür. Buna görə keçid imkanlarının azalması xüsusilə Asiya ilə ABŞ arasındakı yükdaşımaların müddətinə və logistika xərclərinə təsir göstərə bilər.
Panama oxşar problemlə 2023-cü ildə də üzləşmişdi. Həmin vaxt El-Ninyo və aşağı su səviyyəsi səbəbindən gündəlik gəmi keçidlərinin sayı 38-dən 22-yə qədər azaldılmışdı.