İstanbul kafelərində həftəsonu noutbuk qadağası

İstanbulda bəzi kafelər uzaqdan işləyən müştərilərin masaları uzun müddət tutması səbəbindən həftəsonları noutbuk istifadəsini qadağan edir, Wi-Fi və elektrik rozetkalarına məhdudiyyətlər tətbiq edir.

21

İstanbulda bəzi kafelər həftəsonları noutbukdan istifadəni qadağan etməyə başlayıb.

MSNews.az xəbər verir ki, “Türkiye Gazetesi”nin məlumatına görə, xüsusilə Beşiktaş, Kadıköy və Şişli kimi mərkəzi rayonlarda fəaliyyət göstərən kafelərin bir qismi girişlərinə “Həftəsonu noutbuk istifadəsi qadağandır” məzmunlu lövhələr asmağa başlayıb.

Məlumata əsasən, pandemiyadan sonra geniş yayılan hibrid və frilans iş modeli şəhər kafelərində yeni iqtisadi gərginlik yaradıb. Uzaqdan işləyənlər səhər saatlarından etibarən kafelərə gedərək noutbukla uzun müddət işləyir, elektrik və internetdən istifadə edir, lakin çox vaxt yalnız bir içki sifarişi ilə masanı saatlarla tutur.

Kafe sahibləri bildirirlər ki, artan kirayə, işçi maaşı və enerji xərcləri fonunda bu model artıq dayanıqlı deyil. Biznes sahiblərinin sözlərinə görə, əvvəllər bir masa gün ərzində bir neçə fərqli müştəri tərəfindən istifadə edilirdisə, indi bəzi müştərilər bir masanı səhərdən axşamadək “ofis” kimi tutur.

T24” yazır ki, bəzi məkanlar yalnız həftəsonu noutbuk qadağası ilə kifayətlənmir. Kafelərdə Wi-Fi şifrələrinin 1,5 saatla məhdudlaşdırılması, elektrik rozetkalarının bağlanması, şarj imkanlarının ödənişli sistemə keçirilməsi və müəyyən vaxtdan sonra əlavə sifariş tələbi kimi qaydalar da tətbiq olunur.

Sözcü”nin məlumatına görə, bəzi populyar küçələrdə bu tip lövhələr artıq daha çox görünməyə başlayıb. Nəşr yazır ki, yeni məhdudiyyətlər əsasən həftəsonu sıxlığı zamanı masa dövriyyəsini artırmaq və real müştəri axınını qorumaq məqsədi daşıyır.

Məsələ yalnız İstanbul üçün xarakterik deyil. “The Guardian” yazır ki, London və digər böyük şəhərlərdə də bəzi kafelər noutbuk istifadəsini tam və ya qismən məhdudlaşdırır. Məqsəd həm gəlir dövriyyəsini qorumaq, həm də kafelərin sosial məkan kimi funksiyasını bərpa etməkdir.

Axios” da ABŞ-da bəzi kafelərin uzaqdan işləyən müştərilərin məkanları uzun saatlar iş sahəsinə çevirməsinin qarşısını almaq üçün Wi-Fi xidmətini ləğv etdiyini və noutbuk istifadəsinə məhdudiyyət qoyduğunu yazıb.

Digər tərəfdən, uzaqdan işləyənlər kafeləri sadəcə rahatlıq üçün deyil, bəzən real ehtiyac səbəbindən seçdiklərini bildirirlər. Onların fikrincə, evdə işləmək həm psixoloji, həm də maddi baxımdan çətin ola bilər. Ortak iş məkanlarının bahalı olması da bir çox frilanseri və tələbəni kafelərə yönəldir.

Bəzi müştərilər hesab edirlər ki, tam qadağa əvəzinə noutbuk istifadəçiləri üçün ayrıca masa və ya xüsusi zona ayrılması daha balanslı həll ola bilər. Kafe sahibləri isə ən sıx saatlarda gəlir itkisini azaltmaq üçün məhdudiyyətlərin qaçılmaz olduğunu deyirlər.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930