İspaniyada Silahlı Qüvvələr Günü münasibətilə keçirilən parad zamanı gözlənilməz insident yaşanıb. Ölkə bayrağı mərasim zamanı dirəkdən qoparaq yerə düşüb.
“La Vanguardia” yazır ki, hadisə mayın 30-da Viqo şəhərində keçirilən Silahlı Qüvvələr Günü paradının başlanğıcında, dövlət himni səslənərkən baş verib. Bayrağın qaldırılması mərasimi zamanı güclü külək və dirəkdəki bərkitmə sistemində yaranan problem nəticəsində bayrağı saxlayan kəndirlər qopub və bayraq yerə düşüb.
Mərasimdə İspaniya kralı VI Felipe, kraliça Letisiya və şahzadə Leonor da iştirak ediblər. Televiziya kameraları insident anında kralın reaksiyasını da qeydə alıb. Görüntülərdə VI Felipenin baş verənlərə təəccübləndiyi və narazı göründüyü, lakin mərasim protokoluna uyğun olaraq özünü təmkinli saxladığı görünür.
“El Debate” qeyd edir ki, bayraq yerə düşən kimi mərasim iştirakçıları onu dərhal götürüblər. Lakin texniki problem səbəbindən bayrağın nəzərdə tutulduğu kimi dirəyə qaldırılması mümkün olmayıb. “HuffPost España” isə yazır ki, VI Felipe vəziyyətdən sonra təşəbbüsü ələ alıb və fəxri qarovulun daşıdığı bayrağın dirək yanında saxlanılması barədə göstəriş verib. Bununla da mərasimin rəsmi və simvolik hissəsinin davam etdirilməsi təmin olunub.
Hadisə sosial şəbəkələrdə geniş müzakirə olunub. “X” platformasında yayılan görüntülərdə bayrağın qoparaq yerə düşməsi və kralın təəccüblü reaksiyası diqqət çəkib. İspaniya mediası bu epizodu paradın ən çox danışılan anı kimi təqdim edib.
“El País”in məlumatına görə, bu il Silahlı Qüvvələr Günü paradı Viqoda keçirilib və tədbirdə minlərlə hərbçi, hərbi texnika və müxtəlif qoşun növlərinin nümayəndələri iştirak edib. Hava şəraiti səbəbindən paradın bəzi hava nümayişləri də ləğv olunub.