Çilidə xidməti it vitse-admiralın formasını cırdı

Çilidə narkotik axtarışına öyrədilmiş xidməti it rəsmi mərasim zamanı vitse-admiral Arturo Oxleyin formasının cib hissəsindən yapışıb. Hərbi Dəniz Qüvvələri hadisənin itin spontan reaksiyası olduğunu açıqlayıb.

10

Çilidə narkotik axtarışına öyrədilmiş xidməti it rəsmi mərasim zamanı vitse-admiralın formasının cib hissəsindən yapışaraq qeyri-adi anların yaşanmasına səbəb olub.

MSNews.az xəbər verir ki, “T13” telekanalının məlumatına görə, hadisə mayın 7-də Çili Hərbi Dəniz Qüvvələrinin kinoloji qruplarının məzuniyyət mərasimi zamanı baş verib. Görüntülər son günlər sosial şəbəkələrdə yayılaraq geniş müzakirə doğurub.

Məlumata əsasən, narkotik vasitələrin aşkarlanması üzrə təlim keçmiş Belçika malinuası cinsindən olan it mərasim zamanı vitse-admiral Arturo Oxleyin şalvarının cib hissəsindən yapışıb. Oxley Çilinin Dəniz Ərazisi və Ticarət Donanması üzrə baş direktoru vəzifəsini icra edir.

BioBioChile” yazır ki, hadisə Çili Milli Gömrük Xidmətinin Kinoloji Təlim Məktəbində keçirilən ikinci kinoloji qrup hazırlığı kursunun bağlanış mərasimində qeydə alınıb. Kurs çərçivəsində Dəniz Polisi əməkdaşları və dörd Belçika malinuası narkotik vasitələrin, o cümlədən marixuana və kokainin aşkarlanması üzrə təlim keçib.

Çili Hərbi Dəniz Qüvvələrinin açıqlamasını yayan “Cooperativa” bildirir ki, itin reaksiyası “yaşı, temperamenti və aktivlik səviyyəsi” ilə bağlı spontan davranış kimi qiymətləndirilib. Hadisə itin bələdçisi tərəfindən dərhal nəzarətə götürülüb.

Rəsmi açıqlamaya görə, vitse-admiral Arturo Oxley xəsarət almayıb və tibbi yardıma ehtiyac duymayıb. Hadisə nəticəsində yalnız onun formasında cırılma yaranıb və bu problem aradan qaldırıldıqdan sonra Oxley mərasimə yenidən qoşulub.

Hərbi Dəniz Qüvvələri xidməti itin də yaxşı vəziyyətdə olduğunu, hazırda Dəniz Polisi Departamentinin nəzarəti altında yenidən təlim prosesinə cəlb edildiyini bildirib. Sosial şəbəkələrdə hadisə ilə bağlı müxtəlif ehtimallar səsləndirilsə də, vitse-admiralın üzərində qanunsuz maddə olması barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur.