Rostov hərbi aerodromuna PUA zərbəsi: 6 hava vasitəsinin vurulduğu bildirilir

Rostov-na-Donuda gecə baş verən kütləvi PUA hücumundan sonra “Rostov-na-Donu – Mərkəzi” hərbi aerodromunda yanğın qeydə alınıb. Ukrayna tərəfi 3 təyyarə və 3 helikopterin vurulduğunu bildirir.

44

Rusiyanın Rostov-na-Donu şəhərində sentyabrın 17-nə keçən gecə genişmiqyaslı pilotsuz uçuş aparatı hücumundan sonra “Rostov-na-Donu – Mərkəzi” hərbi aerodromunun ərazisində güclü yanğın baş verib. Ukrayna tərəfi zərbə nəticəsində üç hərbi nəqliyyat təyyarəsi və üç helikopterin vurulduğunu açıqlayıb.

MSNews.az xəbər verir ki, açıq mənbələr əsasında aparılan geolokasiya təhlilləri gecə yayılan yanğın görüntülərinin məhz hərbi aerodromun ərazisindən çəkildiyini göstərib. ASTRA layihəsinin təhlilinə görə, yanğın ocaqlarından biri təyyarə və helikopterlərin dayandığı sahəyə yaxın olub.

Ukrayna Təhlükəsizlik Xidməti daha sonra əməliyyatın onun “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin uzaqmənzilli dronları ilə həyata keçirildiyini açıqlayıb. Qurumun məlumatına görə, bir An-12, iki An-26 hərbi nəqliyyat təyyarəsi və üç helikopter vurulub, hava texnikasının dayandığı ərazidə isə iri yanğın və ikinci dərəcəli partlayışlar baş verib.

Ukrayna Prezidenti Volodimir Zelenski də Rostovdakı hərbi aerodroma zərbəni təsdiqlədiyini bildirib. “Associated Press” Ukrayna tərəfinin Rostov hərbi aerodromuna hücum həyata keçirdiyini açıqladığını yazır. Bununla belə, təyyarə və helikopterlərə dəymiş zərərin miqyası müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.

Aerodromda Rusiyanın 30-cu Əlahiddə Qarışıq Nəqliyyat Aviasiya Alayının yerləşdiyi bildirilir. Açıq mənbələrə əsaslanan məlumatlarda alayın An-12, An-26 və digər nəqliyyat təyyarələri, eləcə də müxtəlif tipli helikopterlərdən istifadə etdiyi qeyd olunur.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar şəhərin gecə ərzində “kütləvi hava hücumuna” məruz qaldığını təsdiqləyib. O, “yerdə fəsadların” yarandığını və baş verən yanğının operativ şəkildə söndürüldüyünü bildirib, lakin hərbi aerodromda zərər barədə ayrıca məlumat verməyib.

Rusiya rəsmilərinin məlumatına görə, dron qalıqları transformator yarımstansiyasına ziyan vurub, nəticədə Rostov-na-Donunun Voroşilovski, Leninski, Oktyabrski və Kirovski rayonlarında elektrik təchizatı pozulub. Altı fərdi yaşayış evi və yardımçı tikililərə də ziyan dəyib. Ölən və yaralananların olmadığı bildirilib. Elektrik təchizatı sonradan bərpa edilib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.