“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri bu yay “Real Madrid”ə keçmək istəyir, lakin mümkün transferə klub prezidenti Florentino Peresin mövqeyi mane olur.
MSNews.az xəbər verir ki, futbol insayderi Fabrizio Romano Rodri üçün Madrid klubunda oynamağın arzu olduğunu bildirib. Onun sözlərinə görə, İspaniya millisinin üzvü ölkəsinə və Madrid şəhərinə qayıdaraq “Real”ın formasını geyinməyə müsbət yanaşır.
Romano transferin hazırda Florentino Peresin qərarı səbəbindən dalana dirəndiyini deyib:
“Rodri ilə ‘Real Madrid’ arasındakı məsələ klub prezidentinə görə bloklanıb. Florentino Peres bu transfer üçün irəliləməyə əmin deyil”.
İnsayderin sözlərinə görə, Peres mövqeyini dəyişmədiyi müddətdə “Real Madrid”in Rodri üçün rəsmi addım atması gözlənilmir. Transferlə bağlı yekun qərarı məhz, klub prezidentinin verməli olduğu vurğulanıb.
“Mançester Siti” isə 30 yaşlı yarımmüdafiəçiyə maliyyə baxımından yüksək məbləğli yeni müqavilə təklif edib. Rodri ya həmin təklifi qəbul edə, ya da klubunda daha bir mövsüm keçirərək 2027-ci ildə azad agent statusunda ayrılmaq imkanını nəzərdən keçirə bilər.
Rodri daha əvvəl “Real Madrid” kimi dünyanın ən böyük klublarından gələn təklifi rədd etməyin çətin olduğunu söyləmişdi. “Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola da futbolçunun ayrılmaq istəməsi halında onun qarşısını almayacağını bildirmişdi.