Bakıda 100 MVt-lıq “Qobustan” Günəş Elektrik Stansiyası açılıb

Prezident İlham Əliyev Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. Stansiyanın ildə təxminən 200 milyon kVt/saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir.

39

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 16-da Bakının Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. Layihənin ildə təxminən 200 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir.

MSNews.az xəbər verir ki, dövlət başçısını energetika naziri Pərviz Şahbazov, Çinin Azərbaycandakı səfiri Lu Mey və “Universal International Holdings Limited” şirkətinin baş icraçı direktoru Yi Nan qarşılayıblar. Prezidentə stansiya və “Universal Energy” şirkətinin Azərbaycandakı fəaliyyəti barədə məlumat verilib.

Çinin Şanxay şəhərində yaradılan “Universal Energy” yaşıl enerji və enerji saxlanc sistemləri üzrə fəaliyyət göstərir. Şirkət Çinlə yanaşı, Qazaxıstan və Özbəkistanda da bərpaolunan enerji layihələri həyata keçirir.

Layihə üçün Qaradağ rayonunun Pirsaat qəsəbəsində 300,77 hektar ərazi ayrılıb. Sahə günəş elektrik stansiyasının tikintisi məqsədilə hərraca çıxarılıb və “Universal International Holdings Limited” 2024-cü ilin noyabrında keçirilən Azərbaycanın ilk bərpaolunan enerji hərracının qalibi olub. Layihə eyni zamanda “Universal Energy”nin Azərbaycanda həyata keçirdiyi ilk layihədir.

Stansiyada günəş panelləri, sahə invertorları və transformatorlar quraşdırılıb, kabelləşdirmə işləri başa çatdırılıb. Rəsmi hesablamalara görə, illik təxminən 200 milyon kVt/saat elektrik enerjisinin istehsalı 45 milyon kubmetr təbii qaza qənaət etməyə, karbon emissiyalarını isə ildə təxminən 97 min ton azaltmağa imkan verəcək.

“Qobustan” GES-in istifadəyə verilməsindən sonra Azərbaycanda bərpaolunan enerji mənbələrinin ümumi quraşdırılmış gücünün təxminən 2170 MVt-a, bu sahədəki stansiyaların sayının isə 85-ə çatacağı bildirilir. Bərpaolunan mənbələr ölkənin ümumi enerji gücünün təxminən 21,5 faizini təşkil edir.

Rəsmi məlumatda Azərbaycanın yaşıl enerji üzrə texniki potensialının quruda 135 QVt, dənizdə isə 157 QVt olduğu qeyd edilir. 2027-ci ilin sonunadək əlavə təxminən 1,5 QVt gücündə bərpaolunan enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.