Prezident İlham Əliyev Trampa təşəkkür edib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın 907-ci düzəlişin icrasının dayandırılması ilə bağlı memorandumu şəxsi imzası və xoş sözləri ilə xatirə hədiyyəsi kimi göndərməsinə görə təşəkkür edib.

30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa 907-ci düzəlişin icrasının dayandırılması ilə bağlı memorandumu şəxsi imzası və xoş sözləri ilə xatirə hədiyyəsi kimi göndərməsinə görə təşəkkür edib.

MSNews.az xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi sosial media hesabında paylaşım edilib. Paylaşımda Prezident İlham Əliyevin Donald Trampın bu diqqətli jestini yüksək qiymətləndirdiyi və ona dərin hörmətlə yanaşdığı bildirilib.

Söhbət ABŞ-ın “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin icrasının dayandırılması ilə bağlı sənəddən gedir. ABŞ Prezidenti Donald Tramp 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri zamanı 907-ci düzəlişin icrasının dayandırılması haqqında memorandum imzalayıb.

Həmin sənəddə ABŞ administrasiyasının 907-ci düzəlişin icrasının dayandırılması qərarını uzatdığı qeyd olunub. Memorandumda bu addımın ABŞ-ın beynəlxalq terrorizmlə mübarizə səylərinə dəstək, ABŞ Silahlı Qüvvələrinin və koalisiya tərəfdaşlarının əməliyyat hazırlığı, eləcə də Azərbaycanın sərhəd təhlükəsizliyi baxımından vacib olduğu vurğulanıb.

AZƏRTAC”ın məlumatında qeyd olunur ki, Donald Trampın 907-ci düzəlişin icrasının dayandırılması barədə imzaladığı memorandum ABŞ hökumətinin rəsmi jurnalı olan “Federal Register”də dərc olunub. Bu qərar Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ kimi qiymətləndirilir.

907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilib və Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdırırdı. Azərbaycan tərəfi uzun illər bu qərarı ədalətsiz və ikili standartların nümunəsi kimi qiymətləndirib. ABŞ prezidentləri 2001-ci ildən etibarən müxtəlif dövrlərdə bu düzəlişin icrasını dayandırmaq səlahiyyətindən istifadə ediblər.

Vaşinqtonda keçirilən görüş zamanı Prezident İlham Əliyev də 907-ci düzəlişin icrasının dayandırılmasını yüksək qiymətləndirmişdi. Dövlət başçısı bu qərarın Azərbaycan xalqının yaddaşında qalacaq tarixi hadisə olduğunu bildirib.

907-ci düzəliş məsələsi Azərbaycan–ABŞ münasibətlərində uzun illər həssas siyasi mövzulardan biri olub. Tramp administrasiyasının bu addımı Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq gündəliyi, regional sülh prosesi və Cənubi Qafqazda yeni diplomatik mərhələ kontekstində mühüm siyasi jest kimi dəyərləndirilir.

Prezident İlham Əliyevin təşəkkür paylaşımı isə 907-ci düzəlişin icrasının dayandırılması ilə bağlı qərarın təkcə hüquqi-siyasi addım deyil, həm də Azərbaycan–ABŞ münasibətlərində simvolik əhəmiyyət daşıyan hadisə kimi qəbul olunduğunu göstərir.