Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maddələri üzrə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində yekun məhkəmə hökmü elan olunub.
MSNews.az xəbər verir ki, işə Bakı Hərbi Məhkəməsində baxılıb. Məhkəmə iclası hakim Zeynal Ağayevin sədrliyi ilə, hakimlər Camal Ramazanov və Anar Rzayevin iştirakı ilə keçirilib, ehtiyat hakim isə Günel Səmədova olub.
Açıq məhkəmə iclasında təqsirləndirilən şəxs özünün bildiyi dil olan rus dilində tərcüməçi ilə, həmçinin dövlət hesabına vəkillə təmin edilib. Prosesdə Ruben Vardanyanın özü və müdafiəçisi, zərərçəkmiş şəxslərin bir qismi və onların hüquqi varisləri, nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar iştirak edib. Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov da məhkəmədə yer alıb.
Məhkəmənin hökmünə əsasən, Ruben Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qeyd edək ki, daha əvvəl keçirilən iclaslarda dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən şəxs üçün ömürlük azadlıqdan məhrumetmə cəzası istəmişdi.