Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, TRIPP layihəsinin icrası üzrə Ermənistan və ABŞ arasında paraflanmış çərçivə sazişi ən geci bir ay ərzində yekun şəkildə imzalanacaq. Paşinyan bu barədə seçki kampaniyası çərçivəsində seçicilərlə görüşündə danışıb. Onun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio mayın 26-da İrəvana səfəri zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birlikdə layihənin icrasına dair çərçivə sazişini paraflayıb.
Məlumatı “Armenpress”–ə istinadən təqdim edirik.
Paşinyan deyib ki, layihənin ən aydın komponentlərindən biri Mehri dəmir yolunun yenidən işə salınması olacaq. Onun sözlərinə görə, həmin dəmir yolundan həm Azərbaycan əsas ərazisi ilə Naxçıvan arasında əlaqə üçün istifadə edəcək, həm də Ermənistan öz şimal və cənub bölgələri arasında dəmir yolu bağlantısı əldə edəcək. Baş nazir qeyd edib ki, Ermənistan hazırda Sünik istiqamətində cənubdan şimala dəmir yolu bağlantısına malik deyil və TRIPP çərçivəsində bu xətti əldə edəcək.
Ermənistan XİN-in dərc etdiyi çərçivə sazişində TRIPP layihəsinin Ermənistan ərazisində “maneəsiz, multimodal tranzit bağlantısı” yaratmaq məqsədi daşıdığı göstərilir. Sənəddə layihənin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcəyi və Transxəzər Ticarət Marşrutunda mühüm həlqə yaradacağı qeyd olunur. Eyni zamanda, Ermənistanın layihə əraziləri üzərində suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasının saxlandığı ayrıca vurğulanır.
Paşinyan layihənin Ermənistan üçün iqtisadi faydalarını da önə çəkib. O bildirib ki, dəmir yolunun bərpası xüsusilə Sünikdən yüklərin, o cümlədən Zəngəzur mis-molibden kombinatının məhsullarının daşınması baxımından əhəmiyyətli olacaq. Baş nazirin sözlərinə görə, Ermənistan ərazisindən keçən hər qatar üçün ödəniş ediləcək və bu vəsait dövlət büdcəsinə daxil olacaq.
TRIPP yalnız dəmir yolu ilə məhdudlaşmır. Paşinyan bildirib ki, layihə çərçivəsində Ermənistan ərazisindən qaz kəmərləri, neft kəmərləri, elektrik ötürücü xətləri və internet kabellərinin keçirilməsi də nəzərdə tutulur. Onun sözlərinə görə, bu infrastruktur Ermənistanı şimal-cənub və şərq-qərb istiqamətlərində nəqliyyat və kommunikasiya qovşağına çevirə bilər.