Ermənistanıb baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Avrasiya İqtisadi İttifaqında fəaliyyətini Avropa İttifaqı ilə seçim qaçılmaz mərhələyə çatana qədər davam etdirəcək.
MSNews.az xəbər verir ki, “Interfax”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında canlı yayım zamanı bildirib. O qeyd edib ki, Ermənistan Aİİ-də işləməyə davam edəcək, lakin Aİİ ilə Aİ arasında seçim real və qaçılmaz olarsa, qərar Ermənistan xalqı tərəfindən referendum yolu ilə qəbul edilməlidir.
“Biz Aİİ-də işləyirik və Aİİ ilə Aİ arasında seçim qaçılmaz olana qədər işləməyə davam edəcəyik. Qərarı, təbii ki, Ermənistan xalqı referendum yolu ilə qəbul etməlidir”, — deyə Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, hazırkı mərhələdə belə referendumun keçirilməsi üçün əsas yoxdur. Paşinyan qeyd edib ki, Ermənistan Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etməyənə və ya namizəd statusu almağa yaxınlaşmayana qədər vətəndaşların qarşısına konkret seçim qoymaq məntiqsizdir.
“Armenpress”in məlumatına görə, Paşinyan bildirib ki, Ermənistanın Avropa inteqrasiyası prosesi hələ xalqın qarşısına aydın seçim çıxarılacaq mərhələyə çatmayıb. Onun sözlərinə görə, bu mərhələdə referendum “nəzəri seçim” üzərində qurulmuş olardı və bu, əsaslandırılmış yanaşma sayılmaz.
Paşinyan eyni zamanda Ermənistanın Aİİ çərçivəsində fəaliyyətini “mübahisəsiz və gərginliksiz” davam etdirəcəyini vurğulayıb. Onun fikrincə, Ermənistan Aİİ istiqamətində hələ istifadə olunmamış potensiala malikdir və bu imkanlardan yararlanmaq niyyətindədir.
Məsələ Aİİ daxilində Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına dair narahatlıqlar fonunda gündəmə gəlib. “Anadolu Agentliyi”nin məlumatına görə, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistanın Aİ-yə inteqrasiya istiqamətində addımlarının Aİİ ölkələrinin iqtisadi təhlükəsizliyi üçün ciddi risklər yaratdığını bildiriblər. Onlar Ermənistanda Aİ-yə qoşulmaq və ya Aİİ-də qalmaqla bağlı ümumxalq referendumunun tezliklə keçirilməsini dəstəklədiklərini açıqlayıblar.
“Associated Press” yazır ki, Aİİ ölkələri Ermənistanın mümkün Aİ istiqamətli kursuna görə qurumdakı üzvlüyünün dayandırılmasının nəticələri barədə hesabat hazırlanmasını da istəyiblər. Hesabatın 2026-cı ilin dekabrında təqdim olunması gözlənilir.
Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl Ermənistanın həm Avropa İttifaqının, həm də Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvü olmasının mümkün olmadığını bildirmişdi. “Associated Press”in məlumatına görə, Putin Ermənistanın Aİİ-dən çıxacağı halda ümumi daxili məhsulunun 14 faizinə qədər itki ilə üzləşə biləcəyini deyib.
Moskva ilə İrəvan arasında münasibətlər son illərdə ciddi dəyişiklik mərhələsindən keçir. “Reuters”in məlumatına görə, Rusiya Ermənistanın Aİ-yə yaxınlaşması davam edərsə, ucuz neft, qaz və xam almaz tədarükü ilə bağlı güzəştli razılaşmaları dayandıra və ya ləğv edə biləcəyi barədə xəbərdarlıq edib. Ermənistan tərəfi isə hələlik belə rəsmi məktub almadığını bildirib.
Paşinyan Rusiya ilə münasibətlər barədə danışarkən əlaqələrin “transformasiya prosesində” olduğunu deyib. “Kommersant”ın məlumatına görə, o, bu transformasiyanı pozitiv qiymətləndirdiyini bildirib və yeni reallıqlarda Moskva ilə yeni münasibət formatının qurulduğunu qeyd edib.
Baş nazirin sözlərinə görə, Ermənistan Rusiya ilə münasibətləri dəyərləndirir və bu münasibətlərin yeni mərhələdə uğurla formalaşacağına inanır. Bununla belə, İrəvan son illərdə Avropa İttifaqı və ABŞ-la əlaqələri də genişləndirir, təhlükəsizlik və iqtisadi siyasətdə daha çoxşaxəli xətt yürütməyə çalışır.