Nigerin paytaxtı Niameydə qiyam qaldıran hərbçilər Diori Hamani beynəlxalq hava limanı, onun ərazisindəki 101 saylı hərbi baza və prezident iqamətgahının yerləşdiyi ərazidə strateji obyektlərə atəş açıblar.
MSNews.az xəbər verir ki, “Reuters” avqustun 29-na keçən gecə başlayan toqquşmaların saatlarla davam etdiyini, partlayış və intensiv atəş səslərinin eşidildiyini bildirir. Dövlət televiziya və radiosunun yayımı da qısa müddətə dayanıb. Niger Müdafiə Nazirliyi sonradan hadisəni hərbi intizamı pozaraq qiyam qaldıran əsgərlərin fəaliyyəti kimi xarakterizə edib.
“Associated Press”-in məlumatına görə, qiyamçılar 101 saylı bazada bəzi zabitləri girov götürüb, daha sonra paytaxtdakı “həssas obyektlərə” atəş açıblar. Müdafiə naziri Salifou Mody təhlükəsizlik qüvvələrinin hədəfə alınmış ərazilər üzərində nəzarəti mərhələli şəkildə bərpa etdiyini açıqlayıb. Bununla belə, gün ərzində hava limanı ətrafındakı vəziyyət gərgin olaraq qalırdı.
Hadisənin ilk saatlarında bəzi mənbələr hücumun silahlı radikal qruplar tərəfindən həyata keçirildiyini ehtimal etsələr də, sonrakı rəsmi açıqlamalar əsas iştirakçıların Niger ordusunun qiyam qaldırmış hərbçiləri olduğunu göstərib. “Reuters” qiyama Ouallam, Tera və Dosso bölgələrindən gəlmiş hərbçilərin də qoşulduğunu yazır. Bu hissələr son aylarda silahlı qruplarla döyüşlərdə ağır itkilər verib.
Mövcud qiyamdan bir gün əvvəl regionda əsir mübadiləsi də baş verib. “Al Jazeera” və AFP-nin məlumatına görə, Azavad Azadlıq Cəbhəsi (FLA) öz komandirlərindən İnkinane Aq Attaherin azad edilməsi müqabilində təxminən 60 Mali hərbçisini azad edib. FLA mənbələri sayın 62 olduğunu bildirirlər. Əməliyyata Niger hakimiyyətinin vasitəçilik etdiyi qeyd olunur.
Bununla yanaşı, JNIM-in 24 üzvünün 12 Niger və 7 Burkina-Faso hərbçisi müqabilində buraxıldığı barədə məlumat əsasən regional “Sahel Alerte” mənbəsinə söykənir. Bu dəqiq rəqəmlər Niger hökuməti və aparıcı beynəlxalq agentliklər tərəfindən hələ təsdiqlənməyib. Hazırkı hərbi qiyamla həmin əsir mübadilələri arasında birbaşa əlaqə olduğunu göstərən etibarlı məlumat da yoxdur.
Niger 2023-cü ilin iyulundakı çevrilişdən sonra general Abdourahamane Tianinin rəhbərlik etdiyi hərbi hakimiyyət tərəfindən idarə olunur. Ölkə Mali və Burkina-Faso ilə birlikdə Sahel Dövlətləri Alyansına daxildir və son illərdə Qərb ölkələri ilə təhlükəsizlik əlaqələrini zəiflədərək Rusiya ilə əməkdaşlığı genişləndirib. (Reuters)