Trampın impiçment riski ABŞ-da seçki xəritələrinin yenidən çəkilməsinə səbəb olur

ABŞ-da Demokratlar və Respublikaçılar Trampın vəzifədən kənarlaşdırılması riskini nəzərə alaraq ara seçkilər ərəfəsində ştatlarda seçki dairələrinin sərhədlərini yenidən müəyyənləşdirirlər.

109

ABŞ Prezidenti Donald Trampın vəzifədən kənarlaşdırıla biləcəyi ehtimalı ölkə üzrə seçki dairələrinin sərhədlərinin yenidən müəyyənləşdirilməsi prosesini sürətləndirib.

Demokratlar Trampın səlahiyyətlərini məhdudlaşdıracaq addımlar üçün zəmin hazırlamağa çalışarkən, Respublikaçılar mövcud güc balansını qorumaq məqsədilə noyabrda keçiriləcək ara seçkiləri öncəsi ştatlarda seçki xəritələrini yenidən cızır. Noyabrın 3-də keçiriləcək ara seçkilərdə Nümayəndələr Palatasındakı 435 yerin hamısı və Senatdakı yerlərin üçdə biri yenidən müəyyənləşdiriləcək.

Trampın 6 yanvarda Vaşinqtonda etdiyi çıxışda ara seçkilərin əhəmiyyətini xüsusi vurğulaması diqqət çəkib. O, Respublikaçı üzvlərə müraciətlə, ara seçkilərin uduzulacağı təqdirdə Demokratların onu impiçment üçün əsas tapacağını deyərək, vəzifədən kənarlaşdırılma riski ilə üz-üzə qala biləcəyini açıq şəkildə etiraf edib. Venesuelaya mümkün hərbi müdaxilə, federal miqrasiya siyasətinin hüquqi əsasları, Epşteyn sənədlərində adının hallanması və korrupsiya iddiaları fonunda Tramp Konqresdə Respublikaçıların üstünlüyünü həyati əhəmiyyətli hesab edir.

Bu şəraitdə həm Respublikaçılar, həm də Demokratlar “gerrymandering” adlanan, seçki dairələrinin sərhədlərinin partiya xeyrinə dəyişdirilməsi strategiyasına geniş şəkildə müraciət edirlər. İlk dəfə 1812-ci ildə Massaçusets ştatının qubernatoru Elbridc Gerrinin təşəbbüsü ilə tətbiq edilən bu taktika 2025-ci ilin ikinci yarısından etibarən partiyalar arasında açıq rəqabətə çevrilib. Trampın 2025-ci ilin iyulunda Texasda daha əlverişli dairələr yaradılması barədə göstərişindən sonra Missuri, Şimali Karolina və Ohayo da Respublikaçıların xeyrinə yeni xəritələri təsdiqləyib, İndiana isə planlaşdırılan üstünlüyü əldə edə bilməyib. Kanzas və Florida kimi ştatlarda da oxşar təşəbbüslər davam edir.

Demokratlar da prosesə fəal şəkildə qoşulub. Virciniyada davam edən təşəbbüslə yanaşı, Kaliforniyada 2025-ci ilin noyabrında keçirilən referendumla Demokratlara əlavə yerlər qazandıra biləcək yeni xəritə qəbul olunub. Tramp bu referendumu “saxtakarlıq” adlandıraraq ciddi hüquqi araşdırma aparıldığını bəyan edib. Yuta və digər “mavi” ştatlarda da Demokratların xeyrinə dəyişikliklər edilir.

Corciya Universitetinin professoru Ceymi Karsonun sözlərinə görə, Demokratlar arasında Trampın impiçmentinə meyl mövcuddur, lakin prosesin başlanması 2026-cı ildən sonrakı siyasi mənzərə və güclü sübutların mövcudluğundan asılı olacaq. Karson hesab edir ki, seçki dairələrinin yenidən çəkilməsi Konqresdə nəzarətin cəmi bir neçə mandat fərqi ilə müəyyən olunacağı şəraitdə həlledici rol oynaya bilər, lakin bu taktika seçkinin nəticəsini avtomatik təmin etmir və ictimai etimadı zəiflətmək riski daşıyır.

Mütəxəssislərin proqnozlarına görə, tarixən ara seçkilərdə hakim partiya yerlər itirdiyindən, hazırkı şəraitdə Demokratların Nümayəndələr Palatasında üstünlüyü ələ keçirmə şansı yüksək qiymətləndirilir, Senatda isə Respublikaçıların mövqelərini qoruyacağı gözlənilir. Son sorğular Demokratların kiçik fərqlərlə öndə olduğunu göstərir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.