Kanadanın Baş naziri Mark Karni ABŞ-la ticarət danışıqlarının dayandırılmasını “düzgün qərar” adlandıraraq Vaşinqtonun irəli sürdüyü şərtlərin Ottawa üçün qəbuledilməz olduğunu bildirib.
MSNews.az xəbər verir ki, Karni bunu sentyabrın 3-də Ontario əyalətinin Tander-Bey şəhərində çıxışı zamanı deyib.
Bu barədə Kanadanın Baş nazirinin rəsmi ofisi məlumat yayıb.
“İki həftə əvvəl ABŞ-la ticarət danışıqlarını dayandırmaqla düzgün qərar verdik. Biz onların təklif etdiklərini qəbul edə bilməzdik və bizdən istədiklərini verməyəcəkdik”, – Karni bildirib.
Kanada lideri ABŞ-nin bundan sonra tətbiq etdiyi yeni tariflərin ölkəsinə zərər vurmaq və kanadalılar arasında parçalanma yaratmaq məqsədi daşıdığını iddia edib.
“Bu, yanlış hesablamadır. Çünki kanadalılar həmişə bir-birlərinin qayğısına qalacaqlar. İstədiyimiz ölkəni qurmaq üçün lazım olan hər şeyə sahibik. Ehtiyatlarımız, dözümlülüyümüz və düzgün planımız var”, – Baş nazir deyib.
Ottava ABŞ-la danışıqları avqustun 21-də dayandırmışdı. Karni həmin vaxt Vaşinqtonun danışıqların son mərhələsində “iqtisadi baxımdan əlverişsiz və ədalətsiz” yeni şərtlər irəli sürdüyünü bildirmişdi. Kanadanın rəsmi açıqlamasına görə, tərəflər arasında mübahisəli məsələlərə polad, alüminium və avtomobil tarifləri ilə yanaşı, Kanadanın ticarət siyasəti, fransız dili və mədəniyyətinin qorunması ilə bağlı tələblər də daxil idi. Kanada Baş nazirinin ofisi Karniyə istinadən ABŞ tərəfinin “çox şey tələb etdiyini, az şey təklif etdiyini” bildirib.
Danışıqlar nəticəsiz qaldıqdan sonra ABŞ avqustun 22-dən Kanadanın təxminən 20 milyard dollar dəyərində ixracını əhatə edən bəzi məhsullara 50 faizlik tariflər tətbiq edib. “Reuters” yazır ki, Kanada buna cavab olaraq sentyabrın 8-dən ABŞ mallarına dollar-dollar prinsipi ilə qarşı tariflər tətbiq etməyə hazırlaşır.
Bununla belə, Karni ABŞ-la danışıqların tamamilə bağlandığını deməyib. Sentyabrın 3-də o, qarşılıqlı fayda verən, sabit və etibarlı razılaşma mümkün olarsa Kanadanın yenidən danışıqlar masasına oturmağa hazır olduğunu bildirib.
“Biz amerikalılar hazır olduqda oturub həmin razılaşmanı əldə etməyə hazırıq”, – Karni deyib.
“Reuters” həmçinin Kanada baş nazirinin ABŞ tərəfinin bəzi mübahisəli məsələlərdə mövqeyini son günlər yumşaltdığını söylədiyini yazıb.