İlham Əliyev Davosda “BTG Pactual”ın sədri ilə görüşüb

Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunda “BTG Pactual”ın sədri Andre Esteves ilə görüşərək Azərbaycanın investisiya mühiti və beynəlxalq maliyyə bazarları ilə bağlı fikir mübadiləsi aparıb.

29

Yanvarın 19-da Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan “BTG Pactual”ın sədri Andre Esteves ilə görüşüb.

Görüş zamanı Prezident İlham Əliyev Azərbaycanın makroiqtisadi sabitliyi, fiskal intizamı və uzunmüddətli inkişaf strategiyası barədə danışaraq, həyata keçirilən ardıcıl siyasətin ölkəmizin beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirdiyini vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini yüksəldərək investisiya səviyyəsinə və müsbət proqnoza malik reytinq kateqoriyasına daxil ediblər.

Andre Esteves rəhbərlik etdiyi “BTG Pactual”ın qlobal fəaliyyət coğrafiyası və institusional investorlarla əməkdaşlıq təcrübəsi haqqında məlumat verərək, şirkətin müxtəlif regionlarda tətbiq etdiyi investisiya yanaşmalarını diqqətə çatdırıb.

Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə “BTG Pactual” arasında son dövrlərdə mümkün əməkdaşlıq istiqamətləri və strateji prioritetlər üzrə aparılan ilkin müzakirələrin davam etdiyi bildirilib. Tərəflər qlobal iqtisadi proseslər, beynəlxalq maliyyə bazarlarında mövcud vəziyyət, institusional investorların regional yanaşmaları, inkişaf etməkdə olan bazarlarda investisiya mühiti və uzunmüddətli qarşılıqlı investisiya layihələri ətrafında geniş fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, 1983-cü ildə təsis edilmiş “BTG Pactual” hazırda yarım trilyon ABŞ dollarından artıq aktivləri idarə edən aparıcı maliyyə qurumlarından biridir.