Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Azermirror” MMC-nin güzgü vərəqələrinin istehsalı zavodunun açılışında iştirak edib.
Açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına ölkədə yaradılmış sənaye zonalarının fəaliyyəti və Sumqayıt Sənaye Parkının inkişaf göstəriciləri barədə məlumat verib, hazırda sənaye zonalarında 104 müəssisənin fəaliyyət göstərdiyi, bu sahəyə 7 milyard manatdan çox investisiya yatırıldığı və 11 mindən artıq daimi iş yerinin yaradıldığı bildirilib.
Qeyd olunub ki, indiyədək sənaye zonalarında 19,4 milyard manatlıq məhsul istehsal edilib, bunun 6,1 milyard manatı ixrac edilib və hazırda məhsullar dünyanın 70 ölkəsinə göndərilir.
Prezidentə, həmçinin, ümumi sahəsi 640 hektar olan Sumqayıt Sənaye Parkında 40 rezidentin fəaliyyət göstərdiyi, layihələrin ümumi dəyərinin 6,7 milyard manat, faktiki investisiya həcminin isə 5,5 milyard manat təşkil etdiyi, 6135 nəfərin artıq işlə təmin olunduğu barədə məlumat verilib.
“Azermirror” MMC-nin təsisçisi Rüstəm Abbasov müəssisə barədə məlumat verərək bildirib ki, 2023-cü ildə rezident statusu alan şirkət Parkın 1 hektar ərazisində Çin texnologiyası əsasında güzgü vərəqələri istehsal edən zavod inşa edib, burada 30 daimi iş yeri yaradılıb və müəssisənin illik istehsal gücü 900 min kvadratmetr təşkil edir.
Layihənin investisiya dəyəri 6,13 milyon manat olub, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,5 milyon manat güzəştli kredit ayrılıb və müəssisə 600 min manat dəyərində vergi və gömrük güzəştlərindən yararlanıb.
Açılış zamanı qeyri-neft sənayesinin inkişafının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu vurğulanaraq, sənayeləşmə, innovativ texnologiyaların tətbiqi və ixrac yönümlü istehsalın genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyi bildirilib.












