Tehran Universitetinin müəllimi Həmzə Rəhim Səfəvi İranın Azərbaycanla münasibətlərdə təhdid dilindən imtina edərək iqtisadi əməkdaşlığa üstünlük verməli olduğunu bildirib.
MSNews.az xəbər verir ki, sosial şəbəkələrdə onun adına yayılan açıqlamada Ermənistanın cənubundan keçəcək marşrutun İranı regional tranzit proseslərindən kənarda qoya və ölkənin sərhədyanı bölgələrinə iqtisadi zərər vura biləcəyi qeyd olunur. Səfəvi Tehranın Araz dəhlizi, eləcə də Şimal–Cənub və Şərq–Qərb marşrutlarını Azərbaycan üçün daha cəlbedici etməli olduğunu vurğulayıb.
Onun fikrincə, İranın Bakını təcrid etmək cəhdləri və hərbi təhdidləri Azərbaycanı İsrail və Türkiyəyə daha da yaxınlaşdırır. Səfəviyə aid edilən açıqlamada İranın Türk Dövlətləri Təşkilatını təhlükə kimi deyil, əməkdaşlıq platforması kimi qiymətləndirməsi də təklif olunur.
“Financial Times” Həmzə Səfəvini İranın ali rəhbərinin hərbi müşaviri Yəhya Rəhim Səfəvinin oğlu və daha praqmatik xarici siyasətin tərəfdarı kimi təqdim edib.