Li Kan-in “Atletiko”ya transfer olundu

Cənubi koreyalı yarımmüdafiəçi Li Kan-in PSJ-dən Madrid "Atletiko"suna keçib. Futbolçu İspaniya klubu ilə 2031-ci ilin yayınadək müqavilə imzalayıb.

12

Cənubi Koreya millisinin futbolçusu Li Kan-in PSJ-dən Madrid “Atletiko”suna transfer olunub.

MSNews.az xəbər verir ki, Madrid klubu keçidi iyulun 25-də rəsmən açıqlayıb. 25 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 30 iyun 2031-ci ilədək nəzərdə tutulan beşillik müqavilə imzalayıb. Transfer məbləği klubların rəsmi açıqlamasında göstərilməyib.

İspaniyanın “AS” nəşri daha əvvəl keçidin 35 milyon avro sabit ödəniş və 5 milyon avro bonus qarşılığında reallaşacağını bildirmişdi. Bu hesabla müqavilənin ümumi dəyəri 40 milyon avroya çata bilər. Bununla belə, həmin rəqəm klublar tərəfindən rəsmən təsdiqlənməyib.

“Malay Mail” isə AFP-yə istinadən PSJ ilə “Atletiko” arasındakı razılaşmanın təxminən 40 milyon avro dəyərində olduğunu yazmışdı. Buna görə sosial şəbəkələrdə yayılan 40 milyon avroluq məbləğ mümkün transfer paketi kimi təqdim olunsa da, rəsmi qiymət hesab edilmir.

Li Kan-in PSJ-yə 2023-cü ilin yayında “Malyorka”dan keçmişdi. O, Paris təmsilçisinin heyətində 124 oyuna çıxaraq 16 qol vurub və 16 məhsuldar ötürmə edib. Futbolçu Fransa klubu ilə üç dəfə Liqa 1-in, iki dəfə ölkə kubokunun və iki dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Hücumameyilli yarımmüdafiəçi meydanın mərkəzində və hər iki cinahda çıxış edə bilir. Li Kan-in “Atletiko”nun tarixində əsas komandaya cəlb edilən ilk cənubi koreyalı futbolçu olub.