Ağdamın “Qarabağ” klubu Belçikanın 2-ci liqa təmsilçisi “Lyej”in hücumçusu Umar Diufu heyətinə cəlb etməyə çalışır. Bu barədə Belçikanın “Walfoot” nəşri məlumat yayıb.
Xəbərdə bildirilir ki, Ağdam klubu 22 yaşlı seneqallı futbolçu üçün “Lyej” klubuna 1,2 milyon avro təzminat təklif edib, lakin qarşı tərəf bunu qəbul etməyib. “Lyej” klubu Diuf üçün 1,5 milyon avro tələb edir.
Umar Diufla Belçikadan “Gent”, “Sent-Trüyden”, OHL və “Serkl Brügge” kimi klublar maraqlanır. Xaricdən isə onun üçün “Qarabağ”, Kiprin “Pafos” klubu və adı açıqlanmayan İngiltərə Çempionşip klubu da maraqlıdır.
Qeyd edək ki, Umar Diuf bu mövsüm Belçikanın 2-ci liqasında 18 oyuna 8 qol vurub və 2 qol ötürməsi edib. Futbolçunun “Lyej” ilə 2026/2027 mövsümünün sonuna qədər müqaviləsi mövcuddur. O, 2023-cü ilin yayında Türkiyənin “Çaykurspor” klubundan “Lyej”ə transfer olunub.