“RB Leypsiq”in 19 yaşlı vingeri Yan Diomande PSJ ilə şəxsi müqavilə şərtləri üzrə razılığa gəlib.
MSNews.az xəbər verir ki, bu barədə tanınmış fransalı jurnalist Fabris Houkins məlumat yayıb. Onun sözlərinə görə, Paris klubu ilə futbolçu arasında 5 illik müqavilə üzrə anlaşma əldə olunub.
“Dailysports” Houkinsə istinadən yazır ki, tərəflər maaş və müqavilənin əsas detalları barədə razılaşıblar. Məlumata görə, Diomande karyerasını PSJ-də davam etdirməyə üstünlük verir.
Bununla belə, transfer hələ rəsmi şəkildə tamamlanmayıb. Paris təmsilçisi indi “RB Leypsiq”lə danışıqlara başlamalı və transfer məbləği üzrə razılıq əldə etməlidir.
“This Is Anfield”in məlumatına görə, daha əvvəl “Liverpul” Yan Diomande üçün təxminən 100 milyon avroluq təklif göndərib, lakin “RB Leypsiq” bu təklifi qəbul etməyib. İngiltərə klubunun futbolçunu hücum xəttində əsas transfer hədəflərindən biri kimi gördüyü bildirilirdi.
Fransanın “CulturePSG” portalı isə yazır ki, “RB Leypsiq” Diomandeni buraxmaq üçün daha yüksək məbləğ tələb edə bilər. Mənbəyə əsasən, Almaniya klubu futbolçu üçün 120-130 milyon avro aralığında məbləğ gözləyə bilər.
“RB Leypsiq”in rəsmi məlumatına görə, Yan Diomande 2025-ci ilin yayında İspaniyanın “Leqanes” klubundan transfer olunub və Almaniya təmsilçisi ilə 2030-cu ilin 30 iyununadək müqavilə imzalayıb.
Hazırda Diomandenin PSJ-yə keçidi ilə bağlı rəsmi açıqlama yoxdur. Transferin baş tutması üçün Paris klubu ilə “RB Leypsiq” arasında razılığın əldə olunması gözlənilir.