Fransada “Milli Birlik” (RN) partiyasının prezidentliyə namizədi Marin Le Pen ölkənin maliyyə vəziyyətinin Ukraynaya əvvəlki miqyasda pul ayırmağa imkan vermədiyini bildirib. Bununla yanaşı, o, Kiyevə hərbi təlim və müdafiə vasitələri ilə dəstəyin davam etdirilə biləcəyini deyib.
MSNews.az xəbər verir ki, Le Pen bunu sentyabrın 16-da LCI telekanalında çıxışı zamanı səsləndirib. “TF1 Info” onun sözlərini belə təqdim edir: Fransa Ukraynaya indiyədək göstərdiyi “əhəmiyyətli” maliyyə yardımını eyni həcmdə davam etdirə bilməz.
Le Pen vurğulayıb ki, mövqeyi Ukraynaya qarşı münasibətin dəyişməsi anlamına gəlmir:
“Biz onların əsgərlərini və ordusunu hazırlamağa, özlərini müdafiə edə bilmələri üçün texnika verməyə davam edə bilərik. Amma maliyyə baxımından artıq bunu edə bilmərik”.
O, Fransanın daxili sosial xərclərini misal çəkərək hökumətin pensiyaların indeksləşdirilməsi üçün maliyyə çatışmazlığından danışdığı halda Avropa İttifaqına milyardlarla avro həcmində xalis ödəniş etməsini tənqid edib. Eyni fikirləri “Le Monde” də yayıb.
Le Pen həmçinin bunun “Ukraynaya qarşı düşmənçilik aktı” olmadığını bildirib və müharibənin diplomatik yolla başa çatdırılması üçün beynəlxalq sülh konfransının keçirilməsi ideyasını müdafiə etdiyini təkrarlayıb. “RTL” onun mövqeyinin Fransa siyasətində ciddi mübahisə yaratdığını yazır.
Açıqlama Fransada büdcə təzyiqlərinin gücləndiyi dövrə təsadüf edir. “Reuters” bildirir ki, hökumət 2027-ci il büdcəsində dövlət maliyyəsini sabitləşdirmək üçün 54 milyard avroluq qənaət tədbirləri planlaşdırır. Hökumətin hesablamasına görə, əlavə tədbirlər görülməsə, büdcə kəsiri ÜDM-in 6,5 faizini ötə bilər.