Lavrovdan İrana açıq dəstək: “İranın mübarizəsi Rusiyanın mübarizəsi kimi ədalətlidir”

Sergey Lavrov Tehranda İranın mövqeyini müdafiə edərək iki ölkə arasında strateji əməkdaşlığın davam edəcəyini bildirib. Abbas Əraqçi isə Avropa ölkələrini İrana qarşı müharibədə iştirak etməkdə ittiham edib.

63

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda iranlı həmkarı Abbas Araqçi ilə görüşdən sonra İranın mövqeyini açıq şəkildə dəstəkləyib. Rusiya diplomatiyasının rəhbəri Tehranın mübarizəsini ədalətli adlandırıb və Moskvanın İranla strateji, iqtisadi və enerji əməkdaşlığını davam etdirəcəyini bəyan edib. İranın xarici işlər naziri isə Avropa ölkələrini ABŞ-nin hərbi əməliyyatlarına dəstək verməkdə ittiham edib.

MSNews.az xəbər verir ki, nazirlər bu barədə oktyabrın 19-da Tehranda keçirilən birgə mətbuat konfransında danışıblar.

“Euronews” telekanalının məlumatına görə, Lavrov İranın ABŞ və İsraillə qarşıdurmadakı mövqeyini müdafiə edərək bildirib:

“Mən əminəm ki, İranın mübarizəsi də Rusiyanın mübarizəsi kimi ədalətli mübarizədir”.

Rusiya naziri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını tənqid edib, mövcud böhranın diplomatik vasitələrlə aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Lavrov Moskvanın Tehranla əldə etdiyi razılaşmalardan geri çəkilməyəcəyini də açıqlayıb.

“Mövcud mürəkkəb vəziyyətə baxmayaraq, Rusiya İranla iqtisadi və investisiya sahələrində əldə olunmuş razılaşmaların icrasından imtina etmək niyyətində deyil”, – deyə o bildirib.

“İnterfaks” agentliyinin məlumatına görə, Lavrov İranın Buşəhr Atom Elektrik Stansiyasında çalışan rusiyalı mütəxəssislərin mərhələli şəkildə iş yerlərinə qayıtdığını açıqlayıb.

Nazir neft-qaz sektorunda da əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib. Onun sözlərinə görə, karbohidrogenlərin hasilatı və daşınması sahəsində Rusiya ilə İran arasında perspektivli layihələr mövcuddur.

İranın xarici işlər naziri Abbas Araqçi isə çıxışında Avropa dövlətlərinin Yaxın Şərqdəki müharibədə oynadığı rolu tənqid edib.

“Avropalılar bu müharibənin iştirakçılarıdır”, – deyə Araqçi bildirib.

İran diplomatiyasının rəhbəri NATO-nun Baş katibi Mark Rüttenin əvvəlki açıqlamasına istinad edərək Avropa hərbi bazalarından ABŞ təyyarələrinin istifadəsinə diqqət çəkib.

“Bir neçə həftə əvvəl NATO-nun Baş katibi İrana qarşı hərbi əməliyyatlar üçün Avropadakı aviabazalardan 500-dən çox Amerika hərbi təyyarəsinin havaya qalxdığını açıqlamışdı”, – deyə Araqçi bildirib.

Qeyd edək ki, “Financial Times” daha əvvəl Mark Rüttenin İtaliya bazalarından ABŞ hərbi təyyarələrinin istifadəsi ilə bağlı açıqlamasını işıqlandırmışdı. İtaliya Müdafiə Nazirliyi isə yalnız texniki və logistik uçuşlara icazə verildiyini, döyüş əməliyyatlarında iştiraka icazə verilmədiyini bildirmişdi.

İran naziri regionda təhlükəsizliyin xarici hərbi qüvvələrin iştirakı olmadan təmin edilməsinin vacibliyini də vurğulayıb.

“Reuters” agentliyinin məlumatına görə, Əraqçi Hörmüz boğazındakı gərginliyə görə ABŞ-ni məsuliyyət daşımaqda ittiham edib və region ölkələrinin iştirakı ilə yeni təhlükəsizlik mexanizminin yaradılmasına çağırıb.

Lavrov isə Rusiyanın böhranın həlli üçün vasitəçilik göstərməyə hazır olduğunu açıqlayıb.

İranın xarici işlər naziri də Moskva və Tehranın regional problemlərin hərbi yolla həllinin mümkün olmadığına dair ortaq mövqeyə malik olduqlarını bildirib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.